00:00 05-03-2011
news_image
2121
DİGƏR NÖVLƏR

Bir yaş da böyüdük!

Bu gün apasport.az saytı üçün əlamətdar tarixdir. Saytımız növbəti ad gününü qeyd edir. Martın 5-də - Bədən Tərbiyəsi və İdman Günündə 4 yaşı tamam olan “apasport”çular artıq 4 ildir iş başındadır.

Azəri-Press Agentliyinin (APA) törəmə müəssisələrindən olan apasport.az Azərbaycanın ilk və yeganə idman agentliyi kimi, 2007-ci ildə fəaliyyətə başlayıb. Həmin il Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilən apasport.az Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.

Saytda təkcə Azərbaycanda deyil, ölkədən kənarda da təşkil olunan önəmli turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, video görüntülər, fotosessiyalar yerləşdirilir. Biz milli komandamız və klublarımızın beynəlxalq oyunlarını işıqlandırmaq üçün ölkə xaricinə ezam olunanda da təmsilçilərimizin yanında oluruq. Bundan başqa, xeyli sayda abunəçisi olan apasport.az-ın gündə iki dəfə hazırladığı bülleten Azərbaycan və rus dillərində nazirliklərə, diplomatik korpuslara, idman qurumları və komandalarına, telekanallara, qəzetlərə və digər ünvanlara çatdırılır.

Biz daha bir yaş böyüdük. Artıq ilk yubileyimizin bir addımlığındayıq. Qoy nə qədər böyüdüyümüzə dəyərli, sadiq oxucularımız qiymət versinlər. Onların fikri bizim üçün həmişə önəm kəsb edir. Axı biz ilk növbədə onlar üçün çalışırıq.

Elə oxucu qiymətinin nəticəsidir ki, saytımız Azərbaycanda ən reytinqli, ən oxunanlardan biridir. İdmanımızın uğurları, elə bizim də uğurlar demək olduğundan, bunların sayının çox olması arzusu ilə...