13:15 07-03-2011
news_image
1481
DÖYÜŞ NÖVLƏRİ

Almaniya çempionatında 21 azərbaycanlı

İranın Urmiya şəhərində ənənəvi “Fəcr” turnirindən 6 medalla qayıdan taekvondoçularımız daha bir nüfuzlu yarış ərəfəsindədir. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, milli komandamız martın 12-13-də gənclər və böyüklər arasında Almaniyanın açıq çempionatında (“German Open”) mübarizə aparacaq.

Milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev, məşqçi Elnur Amanov və olimpiya seçmə komandasını çalışdıran koreyalı mütəxəssis Con Conqbayın rəhbərliyi altında Hamburqdakı turnirdə 11 kişi və 10 qadın idmançıdan ibarət heyət iştirak edəcək.

Taekvondoçularımızdan Fariz Əliyev, Kvanq Suk Kim, İlkin Şahbazov (hər üçü 68 kq), Elvin Məmmədov, Namaz Heydərov (hər ikisi 74 kq), Rəşad Əhmədov, Ramin Əzizov (hər ikisi 80 kq), Təvəkkül Bayramov (87 kq) və Aydın Bəhməlov (+87 kq), həmçinin Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli, Fatma Əhmədova (hər ikisi -49 kq), Günay Ağakişiyeva, Fərqanə Qurbanova (hər ikisi 62 kq), Vonkyunq Kim və Yelena Abbasova (hər ikisi 67 kq) yarışın ilk günü tatamiyə çıxacaqlar.

Martın 13-də isə Samir Aydınov (54 kq), Rövşən Bayramov (63 kq), Nigar Hacıyeva, Aygül Abdullayeva (hər ikisi 53 kq) və Səbinə Mikayılovanın (57 kq) nəticələri məlum olacaq.

Qeyd edək ki, Dünya Taekvondo Federasiyasının “A” dərəcəli turnirlərindən olan “German Open”ə qatılmaq istəyənlər ölkələrin sayı çox olsa da, təşkilatçılar yalnız 1250 idmançının iştirakına icazə veriblər.