15:31 15-03-2011
news_image
1927
DÖYÜŞ NÖVLƏRİ

“Qanım elə axırdı ki, sanki kran açılmışdı” - FOTO

“Polşalı Matyuş Masternakla döyüşümdə hər şey normal məcrada gedirdi. Amma 5-ci raundda sol qaşımdakı köhnə çapıqdan qan açıldı. Həmin yara 2009-cu ilin dekabrında rusiyalı Denis Lebedevlə keçirdiyim döyüşdən qalmışdı”. Bu fikirləri Lent.az-a azərbaycanlı peşəkar boksçu Əli İsmayılov deyib.

İsmayılov bildirib ki, “İBO-İntercontinental” kəməri uğrunda döyüşdə Masternak qaşından qanın açıldığını gördükdən sonra həmin nahiyəni hədəfə alıb. Nəticədə qan daha şiddətlənib: “Sanki kranı açmışdılar. Qanım dayanmaq bilmirdi. Məşqçilər və promouterlərim xüsusi vasitələrlə qanı dayandırmaq istəyirdilər. Lakin bir də gördüm ki, sol gözümün içərisinə qan damır. Həkim baxdı və 5-10 dəqiqəlik müalicədən sonra döyüşü davam etdirməyimi məqsədəuyğun saymadı. Ona görə də mənə texniki nokautla məğlubiyyət verildi”.

Bununla belə, peşəkar boksçumuz döyüşlərini davam etdirəcəyini vurğulayıb. Onun sözlərinə görə, bir ayadək davam edəcək bərpa prosesindən sonra yeni döyüşə hazırlaşacaq. Rəqib bu yaxınlarda müəyyənləşəcək. Döyüş isə qarşıdakı 3 ay ərzində keçiriləcək.