15:24 18-03-2011
news_image
1111
DÖYÜŞ NÖVLƏRİ

“Çempion olmaq üçün hamıya qalib gəlməliyik”

“Baku Fires” boks klubu WSB liqasında sonuncu görüşünə hazırlaşır. Apasport.az saytının xəbərinə görə, komandamız martın 19-da Bakıda Çin təmsilçisi “Beijing Dragons”la qarşılaşacaq. Bu gün hər iki komandanın nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

WSB liqasının supervayzeri Kişen Narsi döyüş haqda ətraflı məlumat verib. İkinci dəfə paytaxtımıza təşrif buyuran AİBA rəsmisi bildirib ki, Bakıya gəlmək onun üçün həmişə xoşdur. Sonra isə sabah rinqə çıxacaq boksçuların çəki prosesi baş tutub.

Çəki prosesi yekunlaşdıqdan sonra hər 2 komandanın baş məşqçisi döyüşlə bağlı fikirlərini açıqlayıb. “Beijing Dragons”ın çalışdırıcısının sözlərinə görə, növbəti mərhələdən əllərini üzmələrinə baxmayaraq, sonacan döyüşəcəklər.

“Baku Fires”in baş məşqçisi Həmzət Ağayev isə qrupda axırıncı döyüşü də qələbə ilə başa vurmaq arzusunda olduqlarını deyib. O, növbəti mərhələdə rəqibin hansı ölkəni təmsil etməsinin də fərq etmədiyini vurğulayıb: “Biz WSB liqasının liderlərindənik. Sabah da növbəti qələbəni qazanmağa çalışacağıq. Növbəti mərhələyə gəlincə, rəqibin ciddi fərqi yoxdur. Çünki II mərhələyə yüksələcək komandaların hər biri güclüdür. Çempion olmaq üçün hamıya qalib gəlməliyik”.

Qeyd edək ki, indiyədək “Baku Fires” və “Beijing Dragons” klubları 3 dəfə qarşılaşıb. Bu döyüşlərin hamısı isə boksçularımızın qələbəsi ilə yekunlaşıb.

“Baku Fires” son turdan öncə 28 xalla qrupun lideridir. 26 xalı olan “Astana Arlans” 2-ci pillədədir.

Komandamız qrup mərhələsinin son görüşündə Çin klubunu üstələsə, 1-ci yeri özünə təmin edəcək. “Astana Arlans” isə ən yaxşı nəticəyə malik 2-ci komanda kimi yarımfinala çıxa biləcək.