16:02 26-03-2011
news_image
1118
DÖYÜŞ NÖVLƏRİ

Milli komandalarımız Rusiya və İran yığmaları ilə hazırlıq keçəcəklər

Bu gün taekvondo üzrə böyüklərdən ibarət seçmə komandalarımız təlim-məşq toplanışına yollanıblar. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, kişilərdən ibarət yığmamız hazırlığını Mahaçqalada davam etdirəcək.

Səfərə baş məşqçi Ələkbər İmaməliyev, məşqçilər - Conq Conqbay və Elnur Amanovun rəhbərliyi altında Samir Aydınov (54 kq), Ziya Qasımov (58 kq), Fariz Əliyev(63 kq), Kvanqseok Kim, İlkin Şahbazov (hər ikisi 68 kq), Elvin Məmmədov (74 kq), Ramin Əzizov (80 kq), Təvəkkül Bayramov (87 kq) və Aydın Bəhməlov (+87 kq) yollanıblar. Milli komandamız aprel 2-nə qədər olacaq toplanışda Rusiya yığmasının 4 idmançısı ilə birgə məşq edəcək.

Qadın taekvondoçularımız isə aprelin 4-nə kimi İran millisi ilə birgə hazırlıq keçəcəklər. Baş məşqçi Sunmi Park Tehrana Xəyalə Quliyeva (46 kq), Türkanə Tahirli (49 kq), Nigar Hacıyeva (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq), Vonkyuq Kim (67 kq), Fəridə Əzizova (73 kq) və Yelena Abbasovadan (+73 kq) ibarət heyət aparıb.

Qeyd edək ki, yığmalarımızın təlim-məşq toplanışları mayda Koreyada dünya çempionatına hazırlıq xarakteri daşıyır.