11:53 27-03-2011
news_image
1687
DİGƏR NÖVLƏR

Rafael Ağayevin növbəti titulu

“Sərhədçi” İdman Olimpiya mərkəzində karatenin WKF versiyası üzrə kişilər və qadınlar arasında kumite və kata üzrə 19-cu Azərbaycan çempionatı keçirilib. Apasport.az saytının xəbərinə görə, yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən 25 komandanın tərkibində 117 idmançı ölkə çempionu adı uğrunda mübarizə aparıb.

Diqqət çəkən əsas məqam Dünya və Avropa çempionatlarında dəfələrlə çempion və mükafatçı olmuş Rafael Ağayev, Niyazi Əliyev, Rəşad Hüseynov, İsrafil Şirinov və Şahin Atamov kimi idmançıların yarışda iştirak etməsi olub ki, bu da yarışa marağı xeyli artırıb. Nəticələrə gəlincə, kişilərin kata yarışları “Çempion” klubunun üzvü Elvin Eyvazovun qələbəsilə başa çatıb. Qadınların şəxsi kumite üzrə mübarizəsində 50 kq-da “Fərasət” klubundan Sevinc Mehdiyeva, 61 kq-da isə “Qara Qaplan” klubundan Surə Fərəcli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Kişilərin şəxsi kumite üzrə mübarizəsinə gəlincə, orta çəkilərdə sensasiya baş verməyib. 60 kq-da “Qara Qaplan” klubundan Ceyhun Mustafayev finalda Fövqəladə Hallar Nazirliyi (FHN) idman klubunu təmsil edən Tural Ələkbərlini məğlub edib. 67 və 75 kq çəki dərəcələrinin finallarında isə FHN nümayəndələri Niyazi Əliyev və Rafael Ağayev müvafiq olaraq “Musado” və “Çempion” klublarından olan rəqibləri Rəşad Hüseynov və Ayxan Mamayevi məğlubiyyətə uğradıblar. Son 2 çəki dərəcəsində isə gənclər yığmasının üzvləri əsas komandadan olan rəqibləri üzərində qələbə qazanmaqla iddialarını ortaya qoyublar. 84 kq çəkinin həlledici qarşılaşmasında “Qara Qaplan” klubunun yetirməsi Asiman Qurbanlı “Musado”nu təmsil edən İsrafil Şirinovdan güclü olub. 84 kq-dan ağır çəkili idmançılar arasında isə “Cempion” klubunun karateçisi Orxan Heydərli “Qara Qaplan”ın şərəfini qoruyan Şahin Atamova qalib gəlib.