08:28 07-04-2011
news_image
1272
DÖYÜŞ NÖVLƏRİ

“Baku Fires” - “Paris United”: Heyətlər açıqlandı

“Baku Fires” boks klubu aprelin 9-da WSB liqasında yarımfinal görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, 31 xal toplayaraq, qrup mərhələsində bütün rəqiblərini qabaqlayan komandamız finala gedən yolda “Paris United” klubu ilə qarşılaşacaq.

Fransa təmsilçisi 29 xalla Avropada birinci olmuşdu. “Paris United” klubunun ən güclü boksçularından biri 85 kq çəki dərəcəsində mübarizə aparan Lüdovik Qroque hesab olunur. O, WSB-nin reytinqində 2-ci yeri tutaraq, Olimpiadaya lisenziya uğrunda döyüşmək imkanı qazanıb. “Baku Fires”in baş məşqçisi Həmzət Ağayev Qroqueyə qarşı ukraynalı Denis Poyatsıkanı heyətə daxil edib. Fransa boksçusu WSB-də əla təsir bağışlasa da, həvəskar boksda elə bir ciddi nailiyyət əldə etməyib.

Paris komandasının digər önəmli boksçusu +91 kq-da döyüşən Toni Yokadır. 18 yaşlı idmançı azərbaycanlı azarkeşlərə də yaxşı tanışdır. O, 2010-cu ilin aprelində Bakıda keçirilmiş gənclər arasında dünya birinciliyində gümüş medala layiq görülüb. Yoka yeniyetmələrin ilk Olimpiya oyunlarının da qalibidir. Fransalı boksçu şənbə günü Məhəmmədrəsul Məcidovla üz-üzə gələcək. Milli komandamızın üzvü WSB liqasının ən güclü dəri əlcək ustalarındandır. O, mayın 28-də London Olimpiadasına vəsiqə uğrunda italiyalı Klemente Russo ilə qarşılaşacaq. “Paris United”in heyətində WSB liqasında əlcəzairli Abdelkader Çadi debüt edəcək.

Aprelin 9-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək “Baku Fires” – “Paris United” görüşü saat 19.30-da başlayacaq.

Qeyd edək ki, cavab qarşılaşması aprelin 15-də Parisin Palais Des Sports Marcel Cerdan kompleksində keçiriləcək.

54 kq
Məhəmməd Əbdülhəmidov (Baku Fires, Azərbaycan) – Giorgi Kilanava (Paris United, Gürcüstan)

61 kq
Semyon Qrivaçyov (Rusiya) – Abdelkader Çadi (Əlcəzair)

73 kq
Məhəmməd Nuritdinov (Belarus) – Stefan Kuevas (Fransa)

85 kq
Denis Poyatsıka (Ukrayna) – Lüdovik Qroque (Fransa)

+91 kq
Məhəmmədrəsul Məcidov (Azərbaycan) – Toni Yoka (Fransa)