17:15 08-04-2011
news_image
1104
DÖYÜŞ NÖVLƏRİ

Həmzət Ağayev: Fransızlara 5:0 hesabı ilə qalib gəlmək istəyirik

WSB liqasında mübarizə aparan “Baku Fires” boks klubu aprelin 9-da Fransanın “Paris United” komandası ilə ilk yarımfinal görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, bu məqsədlə hər iki klubunun rəsmilərinin və idmançılarının iştirakı ilə bu gün mətbuat konfransı keçirilib.

Görüşün supervayzeri Braqa Boselli Luiz Kladio yarış haqda bir daha qısa məlumat verib və Bakıda olmaqdan məmnun olduğunu bildirib. Sonra idmançılar çəki prosesinə dəvət olunublar.

Ardından baş məşqçilər və idmançılar KİV nümayəndələrinin suallarını cavablandırıblar. Fransa klubunun çalışdırıcısı Kevin Rabaud “Baku Fires”in güclü olduğunu və yarımfinalda azarkeşlərin gözəl döyüşlər izləyəcəklərini bildirib: “Bakıda olduğum üçün şadam. Yarımfinalda isə hər 2 komandaya uğurlar arzulayıram. Ən güclünün qalib gələcəyinə inanıram. Fikrimcə, sabah gözəl döyüş olacaq və azarkeşlər bundan həzz alacaqlar”.

“Paris United”in heyətində debüt edəcək Abdelkader Çadi də sabah onları ciddi rəqabət gözlədiyi deyib. O, ilk dəfə WSB liqasında iştirakına baxmayaraq, çətinlik çəkməyəcəyini söyləyib: “Həmişə başlanğıc çətin olur. Düzdür, həvəskar boksla bu liqa fərqlənir. Lakin mən heç bir çətinlik çəkməyəcəyəm. Heyətimiz güclüdür. Komandamızda Lüdovik Qroque kimi güclü boksçu var. İnanıram ki, sabah rinqdə nəyə qadir olacağımızı göstərəcəyik”.

“Baku Fires”in baş meneceri Rizvan Gənciyev də iddialı olduqlarını açıqlayıb. O, sabahkı döyüşdən yalnız qələbə gözlədiklərini deyib: “Rəqibimiz çox güclüdür. Avropa zonasında 1-ci yeri tutublar. Onların da 2 boksçusu bizim kimi Olimpiadaya lisenziya qazanmaq üçün mayın 28-də döyüş keçirəcək. Lakin biz ilk görüşü Bakıda keçirdiyimizdən qələbə qazanmağa çalışacağıq”.

Gənciyevin sözlərinə görə, komandamız mövsüm ərzində 18 boksçunun xidmətindən yararlanıb və onların hərəsinin öz yer var: “Komandamızda çıxış edən boksçuların hər birinə böyük ümid edirik. Onlar birgə hazırlaşır və bir-birinə lazımı kömək göstərirlər. Lakin əvvəlcədən evdə və ya səfərdə hansı boksçunun iştirakı müəyyənləşdikdən sonra məşq prossesi fərqlənir”.

“Baku Fires”in baş məşqçisi Həmzət Ağayev də finala çıxmaq arzusunda olduqlarını bildirib. Onun sözlərinə görə, sabah “Paris United”ə 5:0 hesabı ilə qalib gəlməyə çalışacaqlar: “Uğurlu mövsüm keçirmişik. WSB liqası bütün dünyada rezonans doğurub. Artıq bu yarış kifayət qədər azarkeş kütləsi də toplayıb. Sabah da bizi 1 nəticə qane edəcək. O da yalnız qələbədir. Rəqib bizə əlcək atdı. Biz də həmin əlcəyi götürüb, onlara 5:0 hesabı ilə qalib gəlmək istəyirik”.

Bunun cavabında isə fransızların baş məşqçisi Rabaud hər şeyin rinqdə həll ediləcəyini qeyd edib.

Xatırladaq ki, “Baku Fires”in heyətində Məhəmməd Əbdülhəmidov (54 kq), Semyon Qrivaçyov (61 kq), Məhəmməd Nuritdinov (73 kq), Denis Poyatsıka (85 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) rinqə çıxacaqlar. “Paris United” isə Giorgi Kilanava (54 kq), Abdelkader Çadi (61 kq), Stefan Kuevas (73 kq), Lüdovik Qroque (85 kq) və Toni Yokaya (+91 kq) güvənəcək.

Tahir HÜMMƏTOV