08:38 11-04-2011
news_image

“Baku Fires” Fransaya iddialı yollanır

“Baku Fires” boks klubu WSB liqasında ilk yarımfinal görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, komandamız “Sərhədçi” İdman Olimpiya Mərkəzində Fransanın “Paris United” klubu ilə qarşılaşıb.

İlk olaraq rinqə çəkisi 54 kq olan boksçular çıxıb. Məhəmməd Abdulhəmidovun gürcü boksçusu Georgi Kilanava ilə döyüşü çətin keçib. Buna baxmayaraq, toyundan bir gün əvvəl rinqə çıxan idmançı komandamıza ilk qələbəni qazandırıb. Hər 3 hakim Abdulhəmidovun qələbəsini qeydə alıb. “Baku Fires”in rusiyalı legioneri Semyon Qrivaçyov Abdulkader Çadi ilə görüşdə favorit sayılırdı. Əlcəzairli boksçunun WSB liqasındakı debütü uğursuz alınıb. Qrivaçyovun qələbəsindən sonra hesab 2:0 olub.

73 kq-da mübarizə aparan Məhəmməd Nuritdinovun qələbəsi isə daha asan alınıb. Təcrübəli boksçu “Paris United”in fransalı idmançısı Stefan Kuevası rinqə çıxmağa peşman edib. İkinci raundda zədələnən Kuevas döyüşü davam etdirə bilməyib.

Bu günlərdə Ukrayna çempionatında gümüş medal qazanan Denis Poyatsıka rəqibin ən güclü idmançısı Lüdovik Qroque ilə üz-üzə gəlib. Fransa boksçusu WSB-nin reytinqində ilk sırada yer almaqla, London Olimpiadasına lisenziya uğrunda döyüşmək imkanı qazanıb. Fiziki cəhətdən Poyatsıkadan üstün təsir bağışlayan fransalı boksçu komandasına ilk qələbəni qazandırıb.

Superağır çəki dərəcəsində isə komandamızın liderlərindən biri Məhəmmədrəsul Məcidov Tonu Yoka ilə qarşılaşıb. 18 yaşlı Yoka yeniyetmələrin ilk Olimpiya oyunlarının qalibi olmaqla yanaşı, həm də gənclər arasında dünya birinciliyinin gümüş mükafatçısıdır. Boyu 2 metr olan fransalı boksçu Məcidova ciddi müqavimət göstərməyi bacarıb. Bununla belə, qələbəni Azərbaycan idmançısı bayram edib. 4:1 hesabı ilə qələbə qazanan “Baku Fires” cavab görüşü öncəsində yaxşı üstünlük əldə edib.

Qeyd edək ki, digər yarımfinalda Qazaxıstanın “Astana Arlans” klubu ABŞ-nın “Los Angeles Matadors” komandasını 4:1 hesabı ilə məğlub edib.