11:52 15-04-2011
news_image

Kifayət Qasımova: Medal olacaq, amma əyarını bilmirəm

“Təlim-məşq toplanışımız yaxşı keçdi. Yalnız çəkdiyimiz əziyyətin bəhrəsini görmək qalır”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının cüdoçusu Kifayət Qasımova deyib.

Aprelin 21-23-də Türkiyənin İstanbul şəhərində Avropa çempionatı keçiriləcək. London-2012-yə lisenziya xarakterli yarışda yığmamız 13 idmançı ilə təmsil olunacaq. Milli komandamızın qitənin ən mötəbər turnirindən uğurla qayıdacağına inan Qasımova bildirib ki, artıq zədə problemindən yaxa qurtarıb və burada yaxşı çıxış üçün problem yoxdur: “Mənim Avropa çempionatında çıxışım həmişə yaxşı alınıb. Həmişə bu yarışda medal qazanmışam. Sonuncu dəfə 2008-ci ildə də bürünc medala sahib olmuşam. Lakin zədə səbəbindən 2 il analoji turnirə qatıla bilmədim. Düzdür, Avropa tatamisində mübarizə aparmağa bir az yadırğamışam. Amma əvvəlki nəticələrim əsas verir, bu dəfə də yaxşı olacaq”.

Qasımova bildirib ki, medal qazanacağına inansa da, əyarını demək çətindir: “Əsas məqsədim inamlı güləşərək lisenziya xalımı da artırmaqdır. Bunun üçün yalnız medal qazanmaq üçün mübarizə aparacağam və inanıram ki, fəxri kürsüdə də yer alacağam. Yəni, medal olacaq, amma əyarını bilmirəm”.

Qeyd edək ki, Kifayət son reytinq cədvəlində 20-ci pillədə qərarlaşıb.