18:23 19-04-2011
news_image
1310
DİGƏR NÖVLƏR

Şahzadə Azərbaycanda ilk dəfə keçiriləcək yarışı izləyəcək

Aprelin 21-24-də Bakıda ilk dəfə atçılığın konkur növü üzrə SCİ4* kateqoriyalı beynəlxalq turnir keçiriləcək. Atçılıq Federasiyasından apasport.az saytının məlumatına görə, Binə qəsəbəsindəki Atçılıq Mərkəzində mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunacaq yarışa yığmamızla yanaşı, Rusiya, Bolqarıstan, Gürcüstan, Polşa, Moldova və Belarus milli komandalarının da idmançıları qatılacaqdır.

Turnirdə ümumilikdə 14 idmançı və 28 at mübarizə aparacaq. Azərbaycanı isə yarışda milli komandamızın üzvləri - Camal Rəhimov, Patrik MakEnti və Françesko Franko ilə bərabər, “Sərhədçi AİK”, “Günay AT”, “Murad AİK”in çaparları ilə təmsil edəcək.

Turnirə hər gün saat 15:00-da start veriləcək. 4 gün davam edəcək yarışların ilk günü açılış yarışı (maneələrin maksimal hündürlüyü 145 sm), ikinci və üçüncü günü vaxta qarşı yarışlar (maneələrin maksimal hündürlüyü 145 sm), sonuncu gün isə Qran-pri final turniri təşkil olunacaq (maneələrin maksimal hündürlüyü 160 sm).

Turnirin ümumi mükafat fondu 261 min dollar təşkil edir. Yarışları Türkiyə, İran, Rusiya və Belçikadan dəvət olunmuş hakimlər kollegiyası idarə edəcək. Bununla yanaşı, Heydər Əliyev kubokunu izləyənlər sırasında Beynəlxalq Atçılıq Federasiyasının prezidenti Şahzadə Haya bint əl-Hüseyn və digər fəxri qonaqlar yer alacaq.

Qeyd edək ki, atçılığın konkur növünün yarışları maksimal olaraq 5* kateqoriyalı olur və bu turnir Azərbaycanda həmçinin, Cənubi Qafqazda keçiriləcək ilk 4* kateqoriyalı turnir hesab edilir.