13:29 23-04-2011
news_image
2979
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatına erkən vida - YENİLƏNİB

Bu gün cüdo üzrə Avropa çempionatında şəxsi görüşlərə yekun vurulub. Apasport.az saytının məlumatına görə, İstanbulda keçirilən yarışın III günü Azərbaycan yığması üçün uğursuz alınıb. Tatamiyə çıxan 4 cüdoçumuz hamısı çempionatı vaxtından əvvəl başa vurub.

Kişilər

90 kq

Yığmamızın lideri Elxan Məmmədov mübarizəyə 1/16 finaldan başlayıb. Təəssüf ki, böyük ümidlər bəslənilən yığmamızın lideri ilk görüşdəcə uğursuzluqla üzləşib. Serbiyalı Nikola Nikoliç (Serbiya) ilə münasibətlərinə aydınlıq gətirən Məmmədov rəqibin 2 yuka fəndindən birinin əvəzini çıxıb. Bu isə onun yarışı vaxtından əvvəl tərk etməsi ilə nəticələnib.

100 kq

Ağayar Axundzadənin yetirmələrindən Elmar Qasımov da yarışa 1/16 final mərhələsindən qatılıb. Lakin danimarkalı Frederik Yorqensenlə üz-üzə gələn cüdoçumuz növbəti mərhələ arzusunu reallaşdıra bilməyib. O, rəqibinin müqaviməti qarşısında cəmi 3 dəqiqə 40 saniyə tab gətirib.

Bu çəkidə digər idmançımız – Sain Məmmədov ilk döyüşündəcə mübarizəni dayandırıb. O, türkiyəli Kocan Burhana ipponla uduzub.

+100 kq

Yığmamızın ən ağır çəkili cüdoçusu Emil Tahirovun ilk qarşılaşmasında Dmitri Sterxovla (Rusiya) güləşib. Təmsilçimiz kifayət qədər təcrübəli və güclü rəqibini məğlub etməkdə çətinlik çəkməyib. 4 dəqiqə 17 saniyənin yekununda təmiz qələbə qazanan Tahirov 1/8 finalda Teddi Rinerlə (Fransa) üz-üzə gəlib. Lakin o, ilk görüşdəki uğurunu davam etdirə bilməyib və ipponla uduzub.

Qeyd edək ki, London-2012-yə lisenziya xalı verən Avropa çempionatına Azərbaycan yığması 14 cüdoçu ilə qatılmışdı. Onlardan Elnur Məmmədli (81 kq) qızıl, Tərlan Kərimov isə (66 kq) gümüş medala layiq görülüblər.