11:43 23-04-2011
news_image
1264
STOLÜSTÜ OYUNLAR

Fövqəladə Hallar Nazirliyi ilin 4-cü çempionatını keçirdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq klubu təqvim planına uyğun olaraq təşkilatın tabeliyindəki qurumlar arasında növbəti çempionat təşkil edib. Apasport.az saytının məlumatına görə, şahmat, daşqaldırma və qol güləşinin ardından ilin 4-cü yarışı stolüstü tennis çempionatı olub.

Mülkü Müdafiə Qoşunlarının İdman Kompleksində baş tutan yarışda hər birində iki tennisçi olmaqla 24 qurumun əməkdaşları iştirak edib. Əvvəlcə komandalararası mübarizənin qalibləri müəyyənləşib. Ötən il olduğu kimi Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları bu dəfə də komanda yarışlarının qalibi olublar. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) komandası ikinci, Şimal-Qərb regionunun tennisçiləri isə üçüncü yeri tutublar.

Yarışın ertəsi günü fərdi turnirdə DYMX-ni təmsil edən Tofiq Rzayev rəqiblərindən üstün oyun nümayiş etdirib. Şimal-Qərb regionundan Möylan Xəlilovla, TTNDA-nın əməkdaşı Rasim İsmayılov isə ikinci və üçüncü pillələri bölüşüblər. Fərqlənən iştirakçılara müvafiq kubok, medal və hədiyyələr təqdim edilib.

Mükafatlandırma mərasimində FHN-nin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun nazirliyin əməkdaşlarının, o cümlədən hərbi və xüsusi rütbəli qulluqçularının fiziki hazırlığının yüksəldilməsi üçün idman tədbirlərinin keçirilməsini daim diqqətdə saxladığını qeyd edib. Musayev onların bu çıxışlarının ilboyu digər növlər üzrə yarışların nəticələrinə əlavə ediləcəyini diqqətə çatdırıb.

Qeyd edək, FHN-nin əməkdaşları arasında növbəti çempionat mayın 16-21-də mini futbol yarışı olacaq.