11:14 27-04-2011
news_image

“Fikrimcə, hər bir görüş çox gərgin keçəcək”

Boks üzrə Azərbaycanın ən güclüləri arasında ölkə kuboku keçiriləcək. Milli komandamızın məşqçisi Nəriman Abdullayevin apasport.az saytına verdiyi məlumata görə, mayın 8-10-da keçiriləcək yarışda hər çəkidə yalnız Azərbaycan çempionatının mükafatçıları mübarizə aparacaqlar.

Abdullayevin sözlərinə görə, bu turniri keçirməkdə əsas məqsəd yenidən ən güclü boksçuların hazırkı vəziyyəti ilə tanışlıq xarakteri daşıyır: “Bu yarış yığma üçün böyük əhəmiyyət daşıyır. Kubokda yalnız mükafatçılar – Azərbaycanın 4 ən güclü idmançısı qüvvəsini sınayacaq. Əsas məqsədimiz dünya çempionatında ən güclü heyətlə çıxış etməkdir. Burada özünü göstərəcək boksçu isə milli komandanın 1 nömrəsinə çevriləcək. Fikrimcə, hər bir görüş çox gərgin keçəcək”.

Abdullayev ölkə kubokunda “Baku Fires”in boksçularının iştirakının hələ dəqiqləşmədiyini də bildirib: “Bu məsələ hələ açıq qalıb. Çox güman ki, bu klubda çıxış edən idmançılar da mübarizəyə qoşulsunlar. Ancaq onların iştirakı ilə bağlı dəqiq nəsə deyə bilmərəm. Bu yarış öncəsi bilinəcək”.

Qeyd edək ki, Bakıda keçiriləcək dünya çempionatı sentyabrın 26-də start götürəcək və oktyabrın 10-na kimi davam edəcək. 600-dən çox boksçunun qatılacağı mundialda London-2012-yə 92 lisenziya öz sahibini tapacaq.