17:16 27-04-2011
news_image

“Baku Fires”in etirazı qəbul edilmədi

“Baku Fires” boks klubunun WSB liqasının yarımfinalında “Paris United”ə məğlub olduqdan sonra bu qurumun Nizam-İntizam Komitəsinə verdiyi şikayətə baxılıb. Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, etiraza bir neçə gün bundan öncə baxılsa da, Bakı komandasına yalnız indi cavab verilib.

Cavabda Fransadakı qarşılaşmada hakimlərin obyektiv qərarlar qəbul etdiyi, hər hansı pozuntunun olmadığı vurğulanıb. Beləliklə, Nizam-İntizam Komitəsi “Baku Fires”in etirazını haqsız sayıb.

Ancaq “Baku Fires” rəhbərliyi komandamızın finalda mübarizə aparmalı olduğunu düşünür. Onlar bu qərarı ədalətsizlik kimi qiymətləndirir: “Hər kəs Bakıda keçirdiyimiz döyüşdə də gördü ki, biz fransızlardan güclüyük. Təəssüf ki, Parisdə hakimlərin uğursuzluğu ilə üzləşdik. Amma həyat davam edir. İki boksçumuz Olimpiadaya lisenziya uğrunda döyüşəcək. Onların qələbə qazanacağına ümid edirik”.

Qeyd edək ki, “Baku Fires” paytaxtımızda rəqibini 4:1 hesabı ilə məğlub etsə də, səfərdə fransızlara quru hesabla uduzaraq, yarışdan kənarda qaldı. Ancaq “Paris United”in qalibiyyətində hakimlərin də “rolu” olmuşdu. Belə ki, 85 kq çəki dərəcəsində mübarizə aparan Rizvan Əlimuradov Hrvoje Sepi məğlub etsə də, iki avropalı hakim 48-47 hesabı ilə xorvatiyalı boksçunun qələbəsini qeydə almışdı. Halbuki argentinalı referi 50:45 hesabı ilə həmyerlimizin qalibiyyət əldə etdiyini bildirmişdi. Bundan başqa, Soltan Migitinovun Mişel Tavareslə döyüşünə də protest verilmişdi.