17:40 27-04-2011
news_image

Boksçularımız lisenziya döyüşünə Mayamidə hazırlaşacaqlar

2012-ci il London Olimpiadasına lisenziya verəcək döyüşlərə qatılacaq Azərbaycan boksçuları – Soltan Migitinov (73 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) ABŞ-ın Mayami şəhərində təlim-məşq toplanışı keçəcəklər. Apasport.az saytının məlumatına görə, Azərbaycan Boks Federasiyası Çinin Quanyanq şəhərində keçiriləcək döyüşlərin peşəkar qaydalara uyğun olacağını və qarşılaşmanın 7 raund davam edəcəyini nəzərə alaraq, yığmanın üzvlərini bu şəhərə göndərməyi məqsədəuyğun sayıb.

Mayami peşəkar boksçuların əsas hazırlıq mərkəzlərindən biridir. Orada Amerikanın ən tanınmış boks mütəxəssisləri idmançılarımıza hazırlıq keçəcəklər. Migitinov və Məcidovla birgə, “Baku Fires” klubunun baş məşqçisi Həmzət Ağayev də ABŞ-a yollanacaq.

Migitinov lisenziya uğrunda mayın 27-də ukraynalı Sergey Derevyançenko, Məcidov isə ertəsi gün italiyalı Klemente Russo ilə döyüşəcək. Boksçularımız hazırlığa aprelin 27-də yollanacaqlar və onlar ABŞ-dan birbaşa döyüşün keçiriləcəyi Çinə yollanacaqlar.

Qeyd edək ki, hər iki idmançı WSB liqasının fərdi reytinq cədvəlində ilk yerləri tutduqlarından Olimpiadaya vəsiqə uğrunda görüşdə iştirak etmək hüququ qazanıblar. Bundan əlavə, boksçularımız WSB liqasında mövsüm başlamamışdan öncə də Mayamidə toplanış keçmişdilər.