09:58 02-05-2011
news_image

Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının İdarə Heyətinin iclasında iştirak edib

Cənubi Koreyanın Gyonqju şəhərində Dünya Taekvondo Federasiyasının (DTF) İdarə Heyətinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov da iştirak edib.

Əvvəlcə yetərsay qəbul olunduqdan sonra DTF prezidenti Çunq Von Çonun müraciəti dinlənilib. Ardınca gündəlikdə duran məsələlərə baxılıb, DTF-in nizamnaməsində olan düzəlişlərin müzakirəsi aparılıb. Yeni qaydalara əsasən, şəxsin ikili vətəndaşlığının olmasına baxmayaraq, prezident və ya baş katib kimi bir ölkəni təmsil edə bilər. Yəni hər hansı ölkədə federasiyaya rəhbərlik edən şəxs başqa dövlətin federasiyasında rəhbər vəzifə tuta bilməz. Bu təklif DTF idarə üzvləri tərəfindən qəbul edilib.

Növbəti təklif isə əsasən texniki dəyişikliklər olmaqla, DTF-in yarış qaydalarına tətbiq edilib. Təklif edilib ki, hətta elektron qoruyuculara baxmayaraq, kənar hakimlərin sayı yenidən dörd nəfərədək artırılsın. DTF-in baş katibi növbəti məsələlər barədə məlumat verib və müzakirələrin ardından bu təklif də qəbul olunub.

Sonra DTF-in baş katibi Cinsuk Yanqın məruzəsi dinlənilib. O, görülən işlər, hakimlərin təlimatlandırılması və qarşıdakı perspektivləri barədə ətraflı məlumat verib. Bu və digər təkliflər barədə DTF idarə heyətinin üzvləri müxtəlif fikir mübadiləsi aparıblar. DTF-in vitse-prezidenti İvan Dibos daha bir məsələni, elektron qoruyucuların inkişaf mərhələsi haqqında məruzə edib. O, elektron qoruyucuların vacibliyini bir daha diqqətə çatdırmaqla onun əhəmiyyətindən danışıb. Fikir mübadiləsindən sonra bu məsələnin də London Olimpiadasında tətbiq olunması qərara alınıb. Bununla da icraiyyə komitəsinin iclasına yekun vurulub.

Daha sonra Dünya Taekvondo Federasiyası 22-ci Baş Assambleyasının yığıncağını keçirilib. “Hyundai” oteldə təşkil edilən tədbirdə Azərbaycan Taekvondo Federasiyasının l vitse-prezidenti, Dünya Taekvondo Federasiyası İcraiyyə Komitəsinin üzvü Füzuli Musayev iştirak edib.

Baş Assambleyanın yığıncağında DTF-in İdarə Heyətinin toplantısında baxılan məsələlərin bir daha müzakirəsi aparılıb və qarşıdakı məsul yarışları təşkil edən ölkələr, o cümlədən, 2012-ci il London Olimpiadasına Dünya lisenziya turnirini təşkil edən Azərbaycanın, eləcə də növbəti Yay Olimpiya oyunlarının təşkilatçısı Londonun, Vladivostokda Pumse üzrə 2011-cu ilin Dünya çempionatı və beynəlxalq təqvim-planda olan bir sıra məsul yarışların hazırlıq işləri ilə bağlı təqdimat çıxışları olub. Tədbir iştirakçıları taekvondonun dünya idmanında nüfuzunun qorunub-saxlanması və perspektivləri ilə bağlı qarşıda görüləcək işlərdən bəhs ediblər. Həmçinin, dünya çempionatında 149 ölkədən 1050-dək idmançının iştirak etməsi, taekvondo növünün sürətlə inkişaf etməsi faktı kimi qiymətləndirilib.