14:00 03-05-2011
news_image
3061
DÖYÜŞ NÖVLƏRİ

Əzizovdan bürünc, 3 idmançımızdan erkən vida

Cənubi Koreyanın Gyonqju şəhərində start götürən taekvondo üzrə dünya çempionatında bu gün daha 3 dəst medal öz sahibini tapıb. Apasport.az saytının məlumatına görə, ilkin döyüşləri dünən baş tutan 80 kq (kişilər), 53 kq və 67 kq (qadınlar) çəkilər üzrə mükafatçılar müəyyənləşib.

Fəxri kürsüyə yüksələn idmançılar arasında milli komandamızın üzvü Ramin Əzizov (80 kq) da yer alıb. O, dünya çempionatını III pillədə başa vurub. Buna baxmayaraq, yarımfinalda məğlubiyyət acısı yaşayan Əzizov yığmamıza mundialda ilk medalı qazandırıb.

Bu gün bu 3 çəkidən əlavə daha 3 çəkidə də yarımfinalçıların adlarına aydınlıq gəlib. Lakin döşəyə çıxan idmançılarımızdan İlkin Şahbazov (68 kq), Günay Ağakişiyeva (57 kq) və Səbinə Mikayılova (62 kq) ən güclü 4 idmançı sırasına yüksələ bilməyib və dünya çempionatını medalsız başa vurublar.

Kişilər

80 kq
Milli komandamızın liderlərindən hesab olunan Ramin Əzizov mübarizəyə 1/32 final mərhələsindən başlayıb və dünən keçirdiyi 4 görüşdə qələbə qazanaraq, yarımfinala yüksəlib. Bununla isə təmsilçimiz dünya çempionatında ən azı bürünc medalı aktivinə yazdırıb. Əzizov 1/2 final döyüşünə bu gün çıxıb. O, yarımfinalda iranlı Ferzad Abdullahi ilə qarşılaşıb. Təəssüf ki, Ramin əvvəlki döyüşlərdə qazandığı uğuru bu dəfə davam etdirə bilməyib və nokauta düşərək, dünya çempionatını üçüncü pillədə başa vurub.


68 kq
Bu çəkidə ölkəmizi təmsil edən İlkin Şahbazov dünya çempionatına uğurlu başlayıb. O, ilk görüşündə mərakeşli Xalid Boulabhayemə gücünü göstərib. Avropa çempionumuz rəqibini 3:2 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib. Bu mərhələdə həmyerlimiz Nikola Bosnjakla (Bosniya və Herseqovina) üz-üzə gəlməli olsa da, rəqibinin yarışdan kənarlaşdırılması onun 1/16 finala vəsiqə qazanması ilə nəticələnib. İlkin daha 1 mərhələ adlamaq üçün iordaniyalı Məhəmməd Abulibdehlə qarşılaşıb. Lakin bu dəfə onun cəhdi alınmayıb. O, gərgin keçən görüşdə 11:12 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Qadınlar

57 kq
Günay Ağakişiyeva ilk döyüşündə Antonina Marijanı (Bosniya və Herseqovina) sınağa çəkib. Rəqibini 6:3 hesabı ilə məğlub edən təmsilçimiz növbəti mərhələyə yüksəlib. O, II dövrədə taylandlı Voravonq Pongpanitlə mübarizə aparıb. Rəqibindən üstün döyüşən Günay 7:5 hesabı ilə qələbə qazanaraq, mərhələ adlasa da, 1/8 final mərhələsində onun qarşısını iranlı Sousan Hajipourgoli kəsib: Ağakişiyeva rəqibinə 5:7 hesabı ilə uduzaraq, dünya çempionatına “əlvida” deyib.

62 kq
Bu gün döşəyə çıxan taekvondoçularımızdan yalnız Səbinə Mikayılova ümidləri doğrultmayıb. O, ilk mərhələdəcə Urgense Moueghaya (Qabon) 3:5 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, mundialın ilk 2 günündə 4 taekvondoçumuz mübarizəni dayandırıb.