12:36 03-05-2011
news_image
866
STOLÜSTÜ OYUNLAR

“Rəcəbov və Məmmədyarovun rəqibləri ilə şansları bərabərdir”

Dünya şahmat tacı uğrunda iddiaçıların görüşündə mübarizə aparacaq qrossmeysterlər ilk görüşlərinə mayın 5-də çıxacaqlar. Apasport.az saytının məlumatına görə, Kazan şəhərində keçiriləcək bu mötəbər turnir ərəfəsində Rusiyanın kişi şahmatçılardan ibarət milli komandasının baş məşqçisi Yevgeni Bareyev favoritlərin adlarını açıqlayıb.

Onun fikrincə, iddiaçıların görüşündə Levon Aronyan (Ermənistan) və Veselin Topalov (Bolqarıstan) həlledici görüşdə oynamağa daha şanslıdırlar: “Fikrimcə, 1 qrupdan Aronyan, digərindən Topalov rəqiblərini məğlub edə-edə gələcək. Onların şansları yüksəkdir. Finalda isə Ermənistan təmsilçisi qalib gələ bilər. Çünki oyun xüsusiyyətlərinə görə fərqlənir. İlk dueldə rusiyalı Aleksandr Qrişukla qarşılaşacaq Levonun qələbəsini faizlə 65-in 35-ə qiymətləndirərdim. Qata Kamski (ABŞ) ilə üz-üzə gələcək Veselin isə məğlubiyyətini cəmi 30 faiz görürəm”.

Mütəxəssis bildirib ki, digər cütlərdə şanslar bərabərdir. Onun sözlərinə görə, Azərbaycanı Kazanda təmsil edəcək Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun mərhələ adlamaq şansı 50-nin 50-yədir: “Mən deyərdim ki, Vladimir Kramnik (Rusiya) - Teymur Rəcəbov və Boris Gelfand (İsrail) - Məmmədyarov görüşlərində kimisə üstün saymaq düzgün deyil. Onların şansları tam bərabərdir”.

Qeyd edək ki, mayın 27-də bilinəcək iddiaçıların qalibi son dünya çempionu hindistanlı Vişvanatan Anandla qarşılaşacaq.