11:45 04-05-2011
news_image
833
STOLÜSTÜ OYUNLAR

“Rəcəbovun şanslarını qiymətləndirməmək düzgün deyil”

“Vladimir Kramnik – Teymur Rəcəbov görüşü haqqında nə fikirləşirəm? Rusiyalının təcrübəsi böyük olduğundan, düşünülmüş oyun quruluşunu nəzərə alsaq, onu favorit adlandırmaq çətin deyil. Lakin son zamanlar sabiq dünya çempionu bir o qədər də inamlı təsir bağışlamır”. Apasport.az saytının məlumatına görə, bu sözləri kişi şahmatçılardan ibarət Rusiya milli komandası ilə dünya çempionu olan Nikita Vityuqov deyib.

O, sabah Tatarıstanın paytaxtı Kazanda start götürəcək dünya şahmat tacı uğrunda iddiaçıların görüşünə münasibət bildirib. Rusiyalı qrossmeysterin sözlərinə görə, 1/4 final mərhələsində ən maraqlı matç Levon Aronyanla (Ermənistan) Aleksandr Qrişuk (Rusiya) arasında olacaq. Amma o, Vladimir Kramnik – Teymur Rəcəbov duelinin də zəif alınacağı fikrində deyil. Vityuqov bildirib ki, bu cütün taleyini 1 məhsuldar oyun həll edəcək: “Rəcəbovun bu matçda özünü necə göstərəcəyini demək asan deyil. Azərbaycanlı qrossmeysterin əla sinir sistemini, böyük ehtimalla yaxşı debüt hazırlığını və ümumiyyətlə, matçın qısamüddətli olacağını nəzərə alaraq, şanslarını qiymətləndirməmək düzgün deyil. Fikrimcə, görüş çox gərgin keçəcək və onun nəticəsini 1 məhsuldar oyun həll edəcək”.

Qeyd edək ki, mayın 27-nə kimi davam edəcək turnirin digər cütlərində Boris Gelfand (İsrail) Şəhriyar Məmmədyarovla (Azərbaycan), Qata Kamski (ABŞ) Veselin Topalovla (Bolqarıstan) qüvvəsini sınayacaq. Yekunda qalib olacaq zəka sahibi isə son dünya çempionu hindistanlı Vişvanatan Anandla qarşılaşacaq.