21:40 05-05-2011
news_image
2544
STOLÜSTÜ OYUNLAR

İddiaçıların görüşü: Hamı heç-heçə oynadı

Bu gün Tatarıstanın paytaxtı Kazanda dünya şahmat tacına iddiaçıların görüşünə start verilib. Apasport.az saytının məlumatına görə, 8 qrossmeysterin qatıldığı bu mötəbər yarışda Azərbaycan yığmasının liderləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da qüvvəsini sınayıb.

Həmyerlilərimiz 1/4 final mərhələsinin ilk görüşündə xal bölgüsünə üstünlük veriblər. Belə ki, ağ fiqurlarla oynayan Rəcəbov 25-ci gedişdə Vladimir Kramniklə (Rusiya) sülh bağlayıb. Onun ardınca Məmmədyarov da Boris Gelfandla (İsrail) dueldə 0,5 xalla kifayətlənib.

Əsasnaməyə görə, 1/4 və 1/2 final mərhələlərində zəka sahibləri klassik vaxt nəzarətli 4 matçda bir-birlərini sınağa çəkəcəklər. Bu görüşlərdə qalib müəyyənləşməzsə, 25 dəqiqəlik daha 4 sürətli oyun keçiriləcək. Növbəti cəhdlərdə də heç-heçə qeydə alınarsa, 5 dəqiqəlik 2 partiya oynanılacaq. Qısa partiyaların sayı 5 qarşılaşmaya qədər də uzana bilər. Bu dəfə də güclünün adı dəqiqləşməsə, ağlara 5, qaralara 4 dəqiqə verilməklə sonuncu şansa ehtiyac qalacaq.

Blitsdə də tərəflər sülh bağlayarsa, qaralarla oynayan qalib elən olunacaq. Finalda isə klassik matçların sayı 6 olacaq. Tay-breklərdə isə əvvəlki qaydalar tətbiq olunacaq.

Mayın 27-ə qədər davam edəcək turnirin qalibi son dünya çempionu Vişvanatan Anandla (Hindistan) qarşılaşacaq.

Yarışın ümumi mükafat fondu 420 min avrodur. Turnirdə həlledici mərhələyə yüksələcək şahmatçılar hərəyə 90 min, yarımfinalçılar 60 min, 1/4 finalda məğlub olanların hər biri 30 min avro irəli düşəcəklər.

1/4 final mərhələsi

I tur

Teymur Rəcəbov (Azərbaycan) – Vladimir Kramnik (Rusiya) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Boris Gelfand (İsrail) - 0,5:0,5
Qata Kamski (ABŞ) – Veselin Topalov (Bolqarıstan) - 0,5:0,5
Levon Aronyan (Ermənistan) – Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5