12:00 06-05-2011
news_image
1094
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov: İstəyirəm ki, mənə mane olmasınlar

“Görüşdə vəzir qambiti alındı. Bu isə yetərincə məşhur başlanğıc idi”. Apasport.az saytının məlumatına görə, bunu Kazanda dünya şahmat tacına iddiaçıların görüşündə 1/4 final mərhələsinin ilk matçında Vladimir Kramniklə (Rusiya) heç-heçə edən Azərbaycan yığmasının lideri Teymur Rəcəbov deyib.

O, ilk görüşdə qeydə alınan nəticəni qanuna uyğun sayır: “Kramniklə qarşılaşmada fikrə daldığım anlar da oldu. Buna baxmayaraq, sakit oynamağa çalışdım. Sonda isə ağlardan nəsə gözləməyə dəyməzdi və hesab qanunauyğun oldu”.

Rusiyaya məşqçisiz yollanan Rəcəbov KİV nümayəndələrinə bunun da sirrini açıb: “Sadəcə istəyirəm ki, mənə mane olmasınlar. Uzun gedən oyunlarda kimisə otaqda bağlamaq yaxşı olardı ki, səni debütə hazırlasın. Qısa müddətli matçlarda isə buna ehtiyac duymuram. Bu zaman müvəffəqiyyətin digər komponentləri ön plana çıxır”.

Qeyd edək ki, Rəcəbov bu gün sabiq dünya çempionu Vladimirə qarşı qara fiqurlarla oynayacaq.