Tatarıstanın paytaxtı Kazanda keçirilən dünya şahmat tacına iddiaçıların görüşündə 1/4 final mərhələsinin oyunları başa çatıb.
Apasport.az saytının məlumatına görə, 8 qrossmeysterin qatıldığı bu mötəbər yarışda Azərbaycan yığmasının liderlərindən Şəhriyar Məmmədyarov çıxışını erkən başa vurub. O, Boris Gelfandla (İsrail) keçirdiyi 4 oyunun yekununa əsasən 1,5:2,5 hesabı ilə uduzub və yarımfinala yüksələ bilməyib.
Məmmədyarovdan fərqli, digər qrossmeysterimiz Teymur Rəcəbov hələ mübarizəni davam etdirir. Təmsilçimiz Vladimir Kramniklə (Rusiya) heç-heçə etdiyindən bu gün tay-brekdə bir daha qarşılaşacaq.
Qeyd edək ki, tay-brekdə 25 dəqiqəlik daha 4 sürətli oyun keçiriləcək. Bu dəfə də heç-heçə qeydə alınarsa, 5 dəqiqəlik 2 partiya oynanılacaq. Qısa partiyaların sayı 5 qarşılaşmaya qədər də uzana bilər. Bu dəfə də güclünün adı dəqiqləşməsə, ağlara 5, qaralara 4 dəqiqə verilməklə sonuncu şansa ehtiyac qalacaq.
Blitsdə də tərəflər sülh bağlayarsa, qaralarla oynayan qalib elan olunacaq. Finalda isə klassik matçların sayı 6 olacaq. Tay-breklərdə isə əvvəlki qaydalar tətbiq olunacaq.
Mayın 27-ə qədər davam edəcək turnirin qalibi son dünya çempionu Vişvanatan Anandla (Hindistan) qarşılaşacaq.
1/4 final mərhələsinin yekunu
Teymur Rəcəbov (Azərbaycan) – Vladimir Kramnik (Rusiya) - 2:2
Levon Aronyan (Ermənistan) – Aleksandr Qrişuk (Rusiya) - 2:2
Şəhriyar Məmmədyarov (Azərbaycan) – Boris Gelfand (İsrail) - 1,5:2,5
Qata Kamski (ABŞ) – Veselin Topalov (Bolqarıstan) - 2,5:1,5