11:07 09-05-2011
news_image
1109
STOLÜSTÜ OYUNLAR

Sabiq dünya çempionu həmyerlimizin planlarını pozdu

“Yaxşı mövqeyə malik idim. Lakin sonda heç-heçə qeydə alındı”. Apasport.az saytının məlumatına görə, bu sözlər Kazanda dünya şahmat tacına iddiaçıların görüşündə 1/4 final mərhələsində Vladimir Kramniklə (Rusiya) heç-heçə edən (2:2) Azərbaycan yığmasının lideri Teymur Rəcəbova məxsusdur.

Yarımfinala yüksəlmək üçün sabiq dünya çempionu ilə tay-brekdə qarşılaşacaq həmyerlimiz bildirib ki, son matçda qalib gələrək, istirahət etmək istəsə də bu arzusu alınmayıb: “İstəyirdim ki, son oyunda qələbə qazanaraq, növbəti mərhələyə yüksələm. Bu halda isə istirahət üçün əla şans da olacaqdı. Ancaq belə alınmadı və hər şeyə tay-brekdə aydınlıq gələcək”.

Qeyd edək ki, tay-brekdə 25 dəqiqəlik daha 4 sürətli oyun keçiriləcək. Bu dəfə də heç-heçə qeydə alınarsa, 5 dəqiqəlik 2 partiya oynanılacaq. Qısa partiyaların sayı 5 qarşılaşmaya qədər də uzana bilər. Bu dəfə də güclünün adı dəqiqləşməsə, ağlara 5, qaralara 4 dəqiqə verilməklə sonuncu şansa ehtiyac qalacaq.

Blitsdə də tərəflər sülh bağlayarsa, qaralarla oynayan qalib elan olunacaq. Finalda isə klassik matçların sayı 6 olacaq. Tay-breklərdə isə əvvəlki qaydalar tətbiq olunacaq.