11:03 11-05-2011
news_image
1019
DÖYÜŞ NÖVLƏRİ

Kifayət Qasımova arzuladığı pillədə

Beynəlxalq Cüdo Federasiyası may ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahıda geriləyən idmançımız olmayıb.

Ən yüksək irəliləyişə Bakı Qran-prisində gümüş medal qazanan Elxan Rəcəbli (81 kq) nail olub. O, birdən-birə 15 pillə irəliləyərək 20 yerə yüksəlib. Rəcəbli aktivindəki lisenziya xallarının sayını 386-ya çatdırıb.

Qadınlardan ibarət millimizin üzvü Kifayət Qasımova (57 kq) da mövqeyini yaxşılaşdırıb. Qran-pridə fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq, həmyerlimizi Olimpiadaya lisenziya verəcək 12-ci yerə yüksəldib. O, 580 lisenziya xalını növbəti yarışlarda da artıracağı halda, London-2012-də mübarizə apara biləcək.

İlqar Müşkiyev (60 kq) 3, Elmar Qasımov (100 kq) və Ramilə Yusubova (63 kq) hərəyə 2 rəqiblərini qabaqlayıblar. Onlar yeni siyahıda müvafiq olaraq, 15-ci, 30-cu və 22-ci yerdə qərarlaşıblar.

Milli komandamızın liderləri Elnur Məmmədli (81 kq), Elxan Məmmədov (90 kq) və Tərlan Kərimovun isə mövqelərində dəyişiklik edilməyib. İlk 2 cüdoçu 5-ci, digəri isə 15-ci pillədəki yerlərini qoruyublar.

Xatırladaq ki, London-2012-yə Olimpiada ərəfəsində yekun siyahıda kişi idmançıların reytinqində ilk 22 yer, zəriflər arasında isə 12 yer lisenziya qazanacaq.