12:41 13-05-2011
news_image
1641
DÖYÜŞ NÖVLƏRİ

Ukrayna klubu azərbaycanlıya dəvət göndərdi - FOTO

“Məşqləri davam etdirirəm. Hazırda yaxşı formadayam. Lakin milli komandaya dəvət gözlədiyim halda, bu, reallaşmır”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın sabiq boksçusu Elçin Əlizadə (91 kq) deyib.

Ötən il aprel ayında milli komandadan kənarlaşdırılan boksçu yenidən yığmaya qayıtmaq arzusundadır. Hazırda məşqlərini Gəncədə davam etdirən Əlizadə bildirib ki, az öncə başa çatan ən güclü boksçuların seçmə yarışında iştirak edəcəyini gözləyirmiş.

Lakin onun çağırılmaması gözlənilməz olub. 2005-ci il dünya çempionatının gümüş mükafatçısı olan boksçunun sözlərinə görə, yığmanın baş məşqçisi Yevgeni Kotov onu yaxşı tanıyır: “Mən bir daha deyirəm ki, kubalı çalışdırıcılarla sadəcə dil problemi olduğundan belə vəziyyət alındı. Yeni baş məşqçi isə məni yaxşı tanımalıdır. O, vaxtı ilə mənim bir neçə döyüşümü canlı izləyib. Əgər çağırıb yoxlasa ümidini doğruldacağıma inanıram. Milli komandaya qayıdaraq +91 kq çəki dərəcəsində də özümü göstərə bilərəm. Bunun üçün yığma ilə 1 ay hazırlıq və 1 yarışda iştirak kifayətdir. Çünki mən bu təlim-məşq toplanışında əvvəlki formamı yığma gücündəyəm. Hələ ki, nə karyeramı bitirməyi, nə də məşqçi işləməyi planlaşdıram. Gücüm var, yığmaya xeyir verə bilərəm”.

O, karyerasını peşəkar boksda da davam etdirə bilər. Əlizadənin sözlərinə görə, millidən təklif gəlməsə də, Ukrayna klubundan onun barəsində maraqlanıblar: “Məni Ukraynada fəaliyyət göstərən peşəkar boks klublarından biri heyətinə qatmaq arzusundadır. Həmin klubda promuter azərbaycanlıdır və mənim barədə məlumat alıb. Düzdür, hələ heç bir danışıq olmayıb. Amma sərfəli təklif olacağı halda, bu klubun şərəfini qoruya bilərəm. Bu, onlarla danışıqların yekunundan asılıdır. Amma nə olsa da, mənim üçün əsas yenidən yığmada özümü sübut etmək istəyirəm”.

Qeyd edək ki, Əlizadə ilə birlikdə milli komandadan Samir Məmmədov da kənarlaşdırılmışdı. Lakin dünya çempionatının finalçısından fərqli, Məmmədov ən güclülərin seçmə yarışına qatılmışdı.