10:52 16-05-2011
news_image
1350
STOLÜSTÜ OYUNLAR

Mahir Məmmədov: Gəlin, bunu sırf təsadüf adlandıraq

“Teymur Rəcəbov dramatik şəkildə məğlub oldu. Bu, təsadüfən baş verdi. Şəhriyar Məmmədyarov isə yəqin ki, haradasa “yandı”. O, taktikanı düz seçmədi”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

O, dünya şahmat tacına iddiaçıların görüşündə 1/4 final mərhələsində mübarizəni dayandıran Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun çıxışına münasibət bildirib. Rusiya mətbuatına müsahibəsində Məmmədov deyib ki, israilli Boris Gelfanda 1,5:2,5 hesabı ilə uduzan Şəhriyar səhv etdiyi üçün mərhələ adlaya bilməyib: “Fikrimcə, şahmat hazırlığı ona Gelfandı keçməyə imkan verirdi. Boris sonradan nə danışırsa danışsın, 1-ci partiyada onun vəziyyəti hansısa anda əldən getmişdi. Sadəcə, Məmmədyarov öz əvvəlki işinin bəhrəsini görmədi. O, Gelfanda imkan verdi ki, oyunu sakitcə heç-heçəyə aparsın. Onu da nəsə bir passivlik bürümüşdü. Sonradan matçda artıq Gelfand diktə edirdi. III oyunda Şəhriyar uduzdu, sonuncu da isə vəziyyət yaxşı alınmadı. Lakin buna baxmayaraq, heç-heçə qeydə alındı. Bu da Gelfanda yarımfinala çıxmağa imkan verdi”.

Vitse-prezident bildirib ki, Rəcəbovu tay-brekdən əvvəlki mərhələnin qalibi hesab edir: “Teymurun Vladimir Kramniklə matçında uzun, yorucu mübarizə getdi. Fikrimcə, Kramnik Kramnikə qarşı oynayırdı. Mənə elə gəlir ki, bu an psixoloji mübarizə gedirdi. Təkid edirəm ki, mübarizəni 51% Rəcəbov, 49% Kramnik uddu. Sonra sürətli oyunlar başladı. Onların yalnız birincisində Teymur müəyyən problemlərlə rastlaşdı. Sonra blitsin vaxtı çatdı”.
Məmmədovun sözlərinə görə, Rəcəbov blitsdə güclü olsa da, bəxti gətirməyib: “Fikrimcə, Kramnik hamıdan az arzu edirdi ki, matç blitsə keçsin. Teymur isə normal vəziyyətdə idi. Elə 1-ci oyundaca məlum oldu ki, o yaxşı hazırlıqlıdır və ümumiyyətlə blitsi daha yaxşı oynayır. Sona 8 saniyə qalmış o, qələbə üçün vacib gediş etdi. Oyun gözəl hücumla başa çatdı. II oyunda isə 100 ildən 1 olan şey baş verdi. Saatda problem yarandı və işləmədiyi aşkar edildi. Gəlin, bunu sırf təsadüf adlandıraq.

Sonrada 1 çox anlaşılmaz hallar baş verdi. Birincisi, təşkilatçılar bilmirdilər ki, ən arzuolunmaz anda sıradan çıxan saatı neyləsinlər. Başladılar təcili qaydaları vərəqləməyə. Saatları quraşdırana və qaydaları oxuyana kimi 20 dəqiqə vaxt getdi. Bu zaman iştirakçılardan biri daim səhnədə idi. Digəri isə yox çıxmışdı. Bu da yolverilməzdir. Fasilə Kramnikin xeyrinə oldu. Oyunun sonuna 14 saniyə qalmış o, düzgün plan tapdı və qalib gəldi. Həmin an Teymur artıq yarımfinal haqda düşünürdü. Ona yenidən qələbəyə köklənmək çətin idi”.