10:48 19-05-2011
news_image
1168
STOLÜSTÜ OYUNLAR

“Teymur Rəcəbov çoxlarını təəccübləndirdi”

“Vladimir Kramnik – Teymur Rəcəbov oyunu keyfiyyətinə və hazırlığın dərinliyinə görə dünya şahmat tacı uğrunda əla matç idi. Azərbaycanlı qrossmeyster Teymur öz oyunu ilə çoxlarını təəccübləndirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirlər İsrail şahmatçısı Emil Sutovskiyə məxsusdur.

Bakıda doğulmuş qrossmeyster dünya şahmat tacına iddiaçıların görüşündə 1/4 final mərhələsində məğlubiyyətlə üzləşən Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun çıxışını şərh edib.

O bildirib ki, Teymur sabiq dünya çempionu Kramnikə qarşı heç bir şahmatçının risk etmədiyi oyun üslubundan istifadə edib: “Rəcəbov “Qədim hind müdafiəsi”nin vəziyyətlərini çox gözəl hiss edir. Buna baxmayaraq, sevimli debütündə işlədiyi variantlardan imtina edib, darıxdırıcı vəzir qambitini oynamağa güc tapdu. Bunu çox yüksək səviyyədə həyata keçirdi. Bütün görüşlərdə çətinlik çəkmədən oyunu bərarbərləşdiridi. Burada sürətli şahmatın yalnız I matçı istisnadır. Lakin debütdə bu oyunda da vəziyyəti bərabərləşdirdi. Qara fiqurlarla Kramnikə qarşı oynayıb, debüt problemlərini həll etməyi ondan öncə heç kim bacarmayıb. Onu hətta hindistanlı dünya çempionu Vişvanatan Anand da etməyə cəhd göstərməyib. Teymur isə problemin həllinə klassik yanaşdı. Bununla o çoxlarını təəccübləndirdi”.

Sutovskinin sözlərinə görə, Rəcəbovun mübarizəni dayandırmasında rəqibinin təcrübəsi həlledici rol oynayıb və bunun üçün onu tənqid etmək düzgün deyil: “Əslində, Rəcəbovun matç strategiyası çox dərin düşünülüb. Fikrimcə, bu Kramnik üçün bir az gözlənilməz oldu. Təkcə ona görə yox ki, Rəcəbov belə oyuna getdi, həm də dözə bildi. Saatla bağlı epizoda gəldikdə, bu, çox nadir hallarda baş verir. Teymur I oyunu çox gözəl şəkildə uddu. O, daha yaxşı oynayırdı. Lakin saat xarab olandan sonra Kramnikin təcrübəsi sözünü dedi. O, özünü toparlayıb plan tapa bildi. Teymura gəldikdə isə bəlkə də onu fasilə mübarizədən soyutdu. Ona özünü toparlamaq çətin idi. Hər halda, hesab edirəm ki, bu cür oyuna görə Rəcəbovu tənqid etmək düzgün deyil”.

Emil bildirib ki, digər azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovla Boris Gelfandın (İsrail) görüşündə gözlənilən nəticə qeydə alınıb: “Bu matçının nəticəsi məni təəccübləndirmədi. Məni mat qoyan yalnız mübarizənin gedişi oldu. Son illərdə Şəhriyar güclənib. Layiqincə dünya reytinqində ilk “onluğ”unda yer alır. Lakin Borislə qarşılaşmada isə biz əvvəlki – zəif Şəhriyarı gördük. İlk partiyada uduş vəziyyətində üstünlüyünü qələbəyə çevirə bilmədi. II partiyada çox çətin vəziyyət düşmüşdü. Lakin Gelfand da öz yaxşı keyfiyyətlərini göstərmədi. Növbəti oyunda isə Şəhriyar yetərincə əsas olmadan irəli atıldı. Bu oyunda yaranan vəziyyət əvvəllər də olmuşdu. Lakin Gelfand çox peşəkardır və nə etmək lazım olduğunu bilirdi. Ümumiyyətlə, Məmmədyarov çox böyük iş gördü. Bu isə öz bəhrəsini verəcək”.

Qeyd edək ki, dünya şahmat tacına iddiaçıların görüşünə mayın 27-də yekun vurulacaq. Həlledici görüşdə isə Boris Gelfandla Aleksandr Qrişuk (Rusiya) mübarizə aparırlar.