18:00 23-05-2011
news_image
1083
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli “Top-5”i tərk etdi

Beynəlxalq Cüdo Federasiyası iyun ayı üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, yeni siyahı Azərbaycan milli komandası üçün uğurlu olmayıb.

Belə ki, aparıcı cüdoçularımızdan yalnız Tərlan Kərimov (66 kq) və Ramilə Yusubova (63 kq) hərəyə 1 pillə irəliləyərək, müvafiq olaraq, 14-cü və 21-ci yerə yüksəliblər. Yığmamızın liderləri - Elxan Məmmədov (90 kq) və Kifayət Qasımovanın (57 kq) mövqeyində dəyişiklik olmayıb. 1020 xala malik Məmmədov 5-ci, 580 xal toplayan Qasımova 12-ci pillədəki yerlərini qoruyublar.

İdmançılarımızdan ən çox geriləyən İlqar Müşkiyev (60 kq) olub. Ötən ay 1 pillə irəliləyən həmyerlimiz bu dəfə 6 rəqibini özündən irəli buraxıb və 21-ci yerə enib. Ağayar Axundzadənin digər yetirmələrindən - Elxan Rəcəbli 3, Elnur Məmmədli (hər ikisi 81 kq) və Elmar Qasımov isə (100 kq) hərəyə 1 pillə geriləyiblər. Bu cudoçular son siyahıda müvafiq olaraq, 23-cü, 6-cı və 31-ci pillədə qərarlaşıblar.

Xatırladaq ki, London-2012-yə Olimpiada ərəfəsində yekun siyahıda kişi idmançıların reytinqində ilk 22 yer, zəriflər arasında isə 12 yer lisenziya qazanacaq.