11:05 25-05-2011
news_image
1179
DÖYÜŞ NÖVLƏRİ

“Yəqin ki, Rəşad tezliklə son qərarını verəcək”

“Milli komanda Hövsanda təlim-məşq toplanışını yekunlaşdırıb. Hazırda “Sərhədçi” Olimpiya Mərkəzində hazırlığımızı davam etdiririk”. Bunu apasport.az saytına açıqlamasında taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Ələkbər İmaməliyev deyib.

O bildirib ki, komanda üzvləri Dünya Taekvondo Federasiyasının (WTF) təqviminə əsasən mayın 27-28-də təşkil ediləcək “Azerbaijan Open”ə hazırdırlar. İmaməliyevin sözlərinə görə, əsas komandanın üzvlərindən yalnız dünya çempionatının bürünc mükafatçısı Ramin Əzizov heyətdə yer almayacaq: “Biz yarışda 5 komanda ilə iştirak edəcəyik. Bunlardan biri gənclər yığması olacaq. Əsas yığmaya gəldikdə isə Koreyada keçirilən dünya çempionatının yarımfinalında nokautla uduzan Ramin Əzizova istirahət vermişik. Bunu etməkdə məqsədimiz onun özünü toparlamasıdır. Komandamızda digər problem yoxdur”.

Baş məşqçi bildirib ki, Dünya Taekvondo Federasiyasının reytinq cədvəlində xallarını artırmaq imkanı verən beynəlxalq turnirdə mükafatçılar sırasına düşmək 1 nömrələr üçün vacibdir: “Bu yarışın əsas komandamız üçün əhəmiyyəti böyükdür. Çünki iyunun 30-da Bakıda London-2012-yə lisenziya xarakterli yarışa start veriləcək. Burada Olimpiya çəki dərəcəsində özünü göstərəcək idmançı yarışda iştirak hüququ qazana bilər. Düzdür, seçim bir qədər çətin olacaq. Çünki 68 kq və 80 kq çəki dərəcələrində rəqabət böyükdür. Hərəsində 3 təcrübəli taekvondoçu var. Amma vaxt var. Ola bilər ki, lisenziya xarakterli turnir ərəfəsində onlar arasında yoxlama döyüşlər də keçirək”.

Dünya çempionatından kənar qalan milli komandamızın üzvü Rəşad Əhmədov “Azerbaijan Open”də də iştirak etməyəcək. Onun lisenziya xarakterli turnirə də qatılmayacağı dəqiqləşib. İmaməliyevin sözlərinə görə, idmançı karyerasının davam etdirib və ya etdirməməyi hələ fikirləşir: “Əhmədov təcrübəli idmançıdır. Lakin onun növbəti 2 yarışda mübarizə aparmayacağı dəqiqdir. Karyerasını bitirməyinə gəlincə, bu, onun öz qərarıdır. Lakin hələ yekun söz deməyi fikirləşir. Yəqin ki, Rəşad tezliklə son qərarını verəcək”.

Qeyd edək ki, “Azerbaijan Open” beynəlxalq turnirində yerli idmançılarla yanaşı, Türkiyə, Fransa, Hindistan, Ukrayna, Rusiya və Gürcüstandan 15-dək komanda iştirak edəcək.