11:54 27-05-2011
news_image
1036
DİGƏR NÖVLƏR

Aleksandr Jukov: Azərbaycan və Rusiyanın Olimpiya Komitələri arasında çox yaxşı münasibət qurmuşuq

“Azərbaycan və Rusiyanın Olimpiya Komitələri arasında çox yaxşı münasibət qurmuşuq”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov deyib.

Bakıda səfərdə olan Jukov bildirib ki, ölkəmizə gəlişində əsas məqsəd birgə əməkdaşlıqla bağlı müqavilənin müzakirəsidir: “Bu yaxınlarda əməkdaşlıqla bağlı müqavilə imzalanıb. Bu, həm birgə idman yarışlarının keçirilməsini, idmançıların, idman bazalarının istifadə olunmasını – bu kimi kompleks məsələləri nəzərdə tutur”.

Rusiya Olimpiya Komitəsinin prezidenti, həmçinin Azərbaycan xalqını 28 may Respublika günü və “Evrovision-2011”də qələbə münasibəti ilə də təbrik edib: “Azərbaycanda dövlət bayramı ərəfəsində burada olmağım çox əlamətdardır. Fürsətdən istifadə edib, bütün Azərbaycan xalqını təbrik edirəm. Bundan başqa, ölkənizi “Evrovision”da qələbə münasibəti ilə ürəkdən təbrik edirəm. Fikrimcə, bu, möhtəşəm hadisədir. Biz gözəl ifaçılar olan Eldar və Nigara azarkeşlik edirdik və Rusiyada ən yüksək olan 12 balı məhz Azərbaycana verdi”.

Qeyd edək ki, Jukovun Bakıya səfəri sabah başa çatacaq.