23:01 27-05-2011
news_image

Azərbaycan duelinə doğru

Bu gün Moskvada cüdo üzrə “Böyük dəbilqə” yarışına start veriləcək. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalı verəcək turnirdə həmyerlilərimizin rəqibləri müəyyənləşib.

Püşkün nəticəsinə əsasən Nicat Şıxəlizadə (60 kq) ilk döyüşündə isveçrəli Mixael İtenlə qarşılaşacaq. Həmyerlimiz bu mərhələni uğurla adlasa, növbəti görüşdə rəqibi Boldbaatar Qambat (Monqolustan) olacaq. 66 kq çəki dərəcəsində tatamiyə çıxacaq Tərlan Kərimov 1/32 final mərhələsindən azaddır. O, 1/16 finalda Niko-Tapio Niemela (Finlandiya) – Əzəmət Mukanov (Qazaxıstan) cütünün qalibini gözləyir.

Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) də ilk mərhələni tribunadan izləyəcək. II mərhələdən mübarizəyə qoşulacaq yığmamızın lideri Antti Virta (Finlandiya) – Alimbəy Djusupov (Qırğızıstan) cütünün qalibi ilə münasibətlərinə aydınlıq gətirəcək. Maraqlıdır ki, onunla eyni çəkidə qüvvəsini sınayan Elxan Rəcəbli 1/8 finalda Məmmədliyə rəqib ola bilər. Bu, London-2012-yə yollanmaq uğrunda rəqabət aparan milli komandamızın üzvlərinin 1/16 final mərhələsində qələbə qazanacaqları halda baş tutacaq. Belə ki, Rəcəbli də turnirə II mərhələdən başlayacaq və bu mərhələdə Angelo Antonio (Anqola) – Arsen Pşmaxov (Rusiya) cütünün ən güclüsü ilə döyüşəcək.

Qadınlardan ibarət yığmamızın lideri Kifayət Qasımova (57 kq) da 1/16 final mərhələsində tatamiyə çıxacaq. O, ilk olaraq, serbiyalı Covana Rogiçin gücünü yoxlayacaq.

Rusiyaya yollanarkən yığmamızın açıqlanan heyətində Ramilə Yusubova (63 kq) olsa da, onun qeyri-müəyyən səbəbdən tatamiyə çıxmayacağı müəyyənləşib.

2 gün davam edəcək “Böyük dəbilqə”nin ilk günündə Şıxəlizadə, Kərimov və Qasımova qüvvələrini sınayacaqlar. Mayın 29-da isə Məmmədli və Rəcəbli lisenziya xallarını artırmağa çalışacaqlar.