10:07 28-05-2011
news_image
1249
DİGƏR NÖVLƏR

İdmançımız Avropa çempionatının finalına çıxdı

Belarusda bədii gimnastika üzrə Avropa çempionatı start götürüb. Apasport.az saytının xəbərinə görə, paytaxt Minskdə təşkil olunan yarışların ilk günündə top və halqa ilə şəxsi hesabda çıxış edən Azərbaycan idmançıları ustalıqlarını nümayiş etdiriblər.

Topla hərəkətlərdə Aliyə Qarayeva 28,150 bal toplayaraq 5-ci yeri tutub. Azərbaycan yığmasının lideri halqa ilə 6-cı nəticəni (27,500) göstərib. Aliyə bazar günü keçiriləcək hər iki finala vəsiqə qazanıb. Zeynəb Cavadlı müvafiq olaraq 23 (25,275) və 26-cı (25,150) yerləri tutub.

Komanda birinciliyində Azərbaycan 106,075 balla 4-cü yeri tutur. Lalə Yusifova, Ayşə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Səbinə Qaratova və Siyana Vasilyevadan ibarət yeniyetmələr qrupumuz da 4-cü yerdə qərarlaşıb. Beş iplə hərəkətlərdən sonra komandamızın aktivində 24,900 bal var.

Bu gün gürz və lentlə şəxsi hesabda çıxış edən idmançılar meydana çıxacaq, bundan sonra isə komanda turnirində mükafatçılar müəyyənləşəcək. Yuniorlar isə yenidən beş iplə xalı üzərinə çıxacaqlar.