10:10 30-05-2011
news_image
1191
DİGƏR NÖVLƏR

İrina Viner: Azərbaycanın gənc gimnastlarının potensialı böyükdür

“Mən uzun illər öncə Azərbaycan yığmasını yalnız Dinarə Gimatovanın təmsil etdiyi vaxtı xatırlayıram. O, ən zəif - C qrupunda çıxış edirdi. Həmin vaxt biz Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva ilə görüşüb, bədii gimnastikanın səviyyəsi qaldırmaq üçün nə etmək lazım olduğunu müzakirə edirdik”. Apasport.az saytının məlumatına görə, bunu Rusiya yığmasının baş məşqçisi İrina Viner deyib.

Təcrübəli mütəxəssis yeniyetmələrdən ibarət qrup hərəkətləri üzrə Azərbaycan yığmasının Avropa çempionatında bürünc medal qazanmasına münasibət bildirib: “Bu qədər illər ötdü və mən çox şadam ki, bu gün Azərbaycan komandası məhz yeniyetmələr arasında əla çıxış edir. Onlar Avropa çempionatında qrup hərəkətləri üzrə yarışda III yeri tutdular. Finalda qızlar əla çıxış etdi və təsnifat mərhələsində isə 4-cü olmuşdular. Bütün bunlar onu göstərir ki, vaxtı ilə Dinarənin verdiyi impuls, sonradan Anna Qurbanova və Aliyə Qarayevanın davam etdirdiyi uğurlar Azərbaycanda bədii gimnastika populyar 1 idman növünə çevrilib. Bu ölkədə gimnastikaya xüsusi diqqət yetirilir və onu yeni zirvələrə yüksəltmək üçün sərmayə qoyulur”.

Azərbaycan milli komandasının məsləhətçisi də olan Viner deyib ki, yeniyetmələrin qələbəsi gələcəkdə böyük uğurlardan xəbər verir: “Azərbaycanda gimnastikaya qayğı öz bəhrəsini verir. Biz görürük ki, bu gün Azərbaycanın gələcəyi olan yeniyetmələr çox yaxşı səviyyədədir. Əminəm ki, bu son hədd deyil. Fikrimcə, gələcəkdə Olimpiya medaldan danışmaq olar”.

Qeyd edək ki, Belarusun paytaxtı Minskdə keçirilən Avropa çempionatında Lalə Yusifova, Aişə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Səbinə Qaratova və Siyanə Vasilyevadan ibarət millimiz 25,585 xalla Avropa çempionatını III yerdə başa vurub. İlk pillə Rusiya (27,100 xal), ikinci yer isə Belarus (26,500 xal) gimnastlarına qismət olub.