09:52 31-05-2011
news_image
1234
STOLÜSTÜ OYUNLAR

Rusiyalı məşqçi Vüqar Həşimovu milli komandaya qaytardı

Şahmat üzrə kişilərdən ibarət Rusiya yığmasının baş məşqçisi Yevgeni Bareyev dünya çempionatında komandasının şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis iyulun 15-27-də Çinin Ninbo şəhərində keçiriləcək mundialda bütün rəqibləri ciddi qəbul etdiklərini bildirib.

Maraqlıdır ki, Bareyev Azərbaycan yığmasının heyəti açıqlanmasa da, millidən müəyyən müddətdir kənarda qalan Vüqar Həşimovu heyətə qaytarıb və dünya reytinq cədvəlində 13-cü yerdə olan Teymur Rəcəbovu ilk “onluğ”a daxil edib: “Çinin güclü heyəti var. Onlar həm də öyrəşdiyi iqlimdə oynayacaqlar. Ermənistan gənclərlə təcrübəlilərin güclü vəhdətindən qurulub. Azərbaycanda isə 3 şahmatçı dünya reytinq cədvəlində ilk “onluğ”a daxildir. Digər rəqiblər - İsrailin üzvü Boris Gelfand dünya şahmat tacına iddiaçılar turnirinin qalibi oldu. Ukrayna Olimpiya çempionudur və bununla da hər şey aydınlaşır. Macarıstan isə əla formadadır”.

Əslində, mayın 11-də açıqlanan son reytinq cədvəlində Azərbaycanın 3 deyil, 2 şahmatçısı ilk “onluq”da yer alıb: Şəhriyar Məmmədyarov 9-cu, Vüqar Həşimov 10-cudur. Teymur Rəcəbov isə 13-cü pillədə qərarlaşıb.
Bundan əlavə, Həşimovun yenidən milli komandaya çağırılacağı gözlənilsə də, onun Çinə yollanmasında problemlər var. Çünki Vüqar mundial ərəfəsində (18-29 iyul) Billdə keçiriləcək beynəlxalq turnirdə iştirakını təsdiqləyib. Onun seçim qarşısında qalacağını indidən də söyləmək olar. Lakin o, yığmaya dəvət alacağı halda, İsveçrədəki yarışdan imtinası heç də asan başa gəlməyəcək.

Qeyd edək ki, mundialda Çin, Rusiya, Azərbaycan, Ermənistan, Ukrayna, İsrail, Macarıstan, Hindistan, ABŞ və Misir komandaları qüvvələrini sınayacaqlar.