12:02 02-06-2011
news_image
1237
DÖYÜŞ NÖVLƏRİ

Yığmamızın məşqçisi: Özlərini göstərmək üçün onlara imkan yaradılıb - FOTO

İtaliyanın Stintino şəhərində 3 ölkənin boks üzrə milli komandalarının görüşləri ilə bağlı mətbuat konfransı keçirilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, jurnalistlər önünə təşkilatçılarla yanaşı, İtaliya komandasının məşqçisi Culio Kolleta, Rusiyanı bu yarışda təmsil edən Sankt-Peterburq şəhərinin komandasının məşqçisi Oleq Kuzmin və milli komandamızın çalışdırıcısı Nəriman Abdullayev çıxıblar.
Təşkilatçılar Sardinya bölgəsində son illər boksun inkişafı ilə bağlı böyük işlər görüldüyünü bildiriblər. Kolleta Avropa çempionatı öncəsində güclü rəqiblərlə yaxşı hazırlıq keçmək imkanı qazandıqlarını qeyd edib. Nəriman Abdullayev İtaliyaya milli komandamızın “2-ci nömrələri”nin gəldiyini deyərək, onlara özlərini göstərmək üçün imkan yaratdıqlarını vurğulayıb.
Qeyd edək ki, İtaliya komandasının heyətində Olimpiya və dünya çempionu Roberto Kammarelle (91+kq), Olimpiya oyunlarının bürünc mükafatçısı Vinçentso Pikardi (52 kq), dünya çempionu Valentino Domeniko (60 kq) kimi tanınmış idmançılar yer alıb.

Yarışın keçirildiyi günlərdə (2-4 iyun) Sardinyada festival təşkil olunacağından İtaliya Boks Federasiyası bayram abı-havası yaratmağa çalışıb. Belə ki, həmin ərəfədə Stintinoda italiyalı peşəkar boksçuların iştirakı ilə döyüş də keçiriləcək. Yarışa yerli mətbuatın da marağı böyükdür. İyunun 4-də baş tutacaq və Bakı vaxtı ilə saat 23.30-da başlayacaq İtaliya – Azərbaycan görüşü RAİ SPORT2 kanalından videoyazı şəklində təqdim olunacaq.

Məşqçi Nəriman Abdullayev və Ruslan Xairovun rəhbərliyi altında İtaliyada Tural Əhmədov (52 kq), Məhəmməd Abdilhəmidov (52 kq), İmil İksanov (60 kq), İsmət Eynullayev (64 kq), Emil Məhərrəmov (69 kq), Emil Əhmədov (69 kq), Vətən Hüseynli (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Asim İsgəndərov (91+kq) rinqə çıxacaqlar.

Komandamız İtaliya və Rusiya ilə qarşılaşmalar başa çatdıqdan sonra iyunun 12-dək Stintinoda qalaraq, yerli idmançılarla toplanış keçəcək.