11:29 03-06-2011
news_image
1076
DÖYÜŞ NÖVLƏRİ

Yığmamızda iki debütant

İtaliyanın Stintino şəhərində 3 ölkənin iştirakı ilə komanda döyüşləri start götürüb. Boks Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışın ilk günündə İtaliya millisi Rusiyanı təmsil edən Sankt-Peterburq komandası ilə üz-üzə gəlib.

9 döyüşün 8-də yerli idmançılar qələbə qazanıb. Yalnız bir görüşdə 69 kq çəki dərəcəsində Rusiya boksçusu Maksim Zinovyev Danilo Kreatini 15:7 hesabı ilə məğlub edib. İtaliya millisinin 91 kq çəki dərəcəsindəki üzvü isə məşqdə zədələndiyindən həmin çəkidə görüş keçirilməyib.

Meydan sahiblərinin heyətində dünya çempionu Domeniko Valentino (60 kq) və Olimpiya və dünya çempionu Roberto Kammarelle Rusiya ilə qarşılaşmada rinqə çıxmayıblar. Ancaq adı çəkilən idmançıların milli komandamızla döyüşdə mübarizə aparması gözlənilir.

Boksçularımız bu gün Bakı vaxtı ilə saat 23.30-da rusiyalı rəqibləri ilə görüşəcəklər. Komandamızın heyətində “Böyük İpək Yolu” turnirinin qalibi olmuş 16 yaşlı Tural Əhmədov 49 kq-da döyüşəcək. Halbuki o, əvvəllər 52 kq çəki dərəcəsində çıxış edirdi. Sadəcə, İtaliyaya 49 kq-da heç kim aparılmayıb. 75 kq çəki dərəcəsində isə Emil Əhmədov debüt edəcək. Əhmədov bu vaxta qədər 69 kq-da yarışıb. 60 kq çəki dərəcəsində isə yığmamızın heyətində boksçu yoxdur.