16:02 09-06-2011
news_image
1431
STOLÜSTÜ OYUNLAR

Mahir Məmmədov: Danışıqlar çox ağır keçdi

“Danışıqlar çox gərgin və ağır keçdi. Bu söhbətlərdə birbaşa özüm iştirak edirdim”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

O bildirib ki, milli komanda Çindəki dünya çempionatına Vüqar Həşimov, Şəhriyar Məmmədyarova, Teymur Rəcəbov, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarət heyətlə yollanacaq. Ancaq Həşimovun yığmaya qaytarılması heç də asan olmayıb.

Çünki Vüqar öncədən iyulun 18-29-da İsveçrənin Bill şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak etməyə razılıq verdiyindən bu yarışa qatılmalı idi.

Lakin onun yenidən əsas komandaya qaytarılması və mundialın da iyulun 15-27-ə təsadüf etməsi Azərbaycan Şahmat Federasiyasını işə qoşub. Nəticədə qrossmeysterimizin İsveçrəyə deyil, dünya çempionatının keçiriləcəyi Çinə yollanması təmin edilib.

Məmmədov bildirib ki, razılıq çətin keçən görüşlərdən sonra əldə olunub: “Federasiyamızın prezidenti Elman Rüstəmovun göstərişi ilə danışıqlara başladıq. Yekunda bu məsələni təşkilatçılarla həll edə bildik. Yəni onlara Vüqarın yığmada oynamasının vacibliyini bildirdik və gərgin danışıqlardan sonra problem yoluna qoyuldu”.