14:54 10-06-2011
news_image

Millimiz Avropa çempionatına tam heyətlə yollanır

Türkiyənin paytaxtı Ankarada keçiriləcək Avropa çempionatında çıxış edəcək boks üzrə milli komandamızın heyəti məlum olub. Apasport.az saytının xəbərinə görə, yığmamız yarışda tam tərkibli heyətlə mübarizə aparacaq.

Turnirə baş məşqçi Yevgeni Kotov və məşqçilər Nəriman Abdullayevlə Ruslan Xairovun rəhbərliyi altında Salman Əlizadə (49 kq), Elvin Məmişzadə (52 kq), Rəhim Nəcəfov (56 kq), Elvin İsayev (60 kq), Heybətulla Hacəliyev (64 kq), Osman Əliyev (69 kq), Rahib Bəylərov (75 kq), Ramil Əliyev (81 kq), Teymur Məmmədov (91 kq) və Fərid Paşayev (91+kq) yollanacaqlar.

Hazırda Moskvaətrafında Çexov şəhərində Rusiya komandası ilə birgə təlim-məşq toplanışı keçən millimiz birbaşa Ankaraya səfər edəcək. Komandamız qitə çempionatına əsasən gənclərdən təşkil olunmuş heyətlə yollanacaq.

Millimizin heyətində yaşı 20-ni keçmiş cəmi 3 idmançı var – Rəhim Nəcəfov (24 yaş), Rahib Bəylərov (26) və Ramil Əliyev (22 ). Yarışın əsas favoritlərindən sayılan Rusiya millisi Türkiyəyə son ölkə çempionatının gümüş mükafatçılarını aparır. Bununla belə, şimal qonşumuzun heyətində 3 qat Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Qeorqi Balakşin (52 kq), Avropa çempionatının gümüş medalçısı Maksim Koptyakov kimi tanınmış boksçular da var. Nikolay Xromov əsas heyəti Bakıda keçiriləcək lisenziya xarakterli dünya çempionatına gətirəcək.

Ankara Spor Salonunda keçiriləcək yarış iyunun 17-də start götürəcək. Bundan bir gün öncə isə ümumi çəki prosesi və püşkatma olacaq. Avropa çempionatına iyunun 24-də yekun vurulacaq.