16:49 15-06-2011
news_image
1486
DÖYÜŞ NÖVLƏRİ

Ələkbər İmaməliyev: Azərbaycan yığması üçün ilk lisenziyanı qazanmağa çalışacağıq

“Üzərimizə böyük yük düşdüyünü yaxşı dərk edirik. Əvvəlki 2 Olimpiadada lisenziyaya sahib olmuşuq. Bu dəfə də eyni uğura imza atacağımıza inanıram”. Bunu apasport.az saytına açıqlamasında kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ələkbər İmaməliyev deyib.

İyunun 30-dan iyulun 3-ə kimi Bakıda taekvondo üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya təsnifat turniri keçiriləcək. İmaməliyev bildirib ki, bu mötəbər yarışa 2 idmançı - Elvin Məmmədov (68 kq) və Ramin Əzizovla (80 kq) qatılacaq kişilərdən ibarət yığmamız eyni sayda da lisenziyaya ümid edir: “İyunun 1-dən Qusar Olimpiya Kompleksində təlim-məşq toplanışındayıq. Hazırlığımız əla səviyyədədir. Burada məşqlə yanaşı, turnirdə mübarizə aparacağımız 68 və 80 kq çəki dərəcələrində rəqib idmançıların döyüşlərinin disklərini də izləyirik. Onlara qarşı əks fəndlər üzərində ciddi işləyirik. Əhval-ruhiyyəmiz əladır və hər 2 çəkidə lisenziyaya ümid edirik. Fikrimcə, bunu reallaşdıracağıq”.

İyunun 24-də Qusarda hazırlığı yekunlaşdıracaq milli komandamız son məşqlərini “Sərhədçi” Olimpiya Mərkəzində keçəcək. İmaməliyevin sözlərinə görə, taekvondoçularımız Azərbaycan yığması üçün London-2012-yə ilk lisenziyanı qazanmağı planlaşdırır: “Bizim əsas planımız budur. İlk lisenziyanı qazanmaq gücündəyik. Biz rəqiblərimizi də yüksək qiymətləndiririk. Lakin yetirmələrimi onlardan zəif deyil, güclü sayıram”.

Qeyd edək ki, “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək turnirdə qadınlardan ibarət milli komandamızı Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər. Yarışda isə hər çəkidə ilk 3 pillənin sahibləri London olimpiadasına lisenziya qazanacaqlar.