22:33 16-06-2011
news_image
1185
DÖYÜŞ NÖVLƏRİ

Rəqiblərimiz bəlli oldu

Ankaranın “Legacy Gap” otelində boks üzrə Avropa çempionatının püşkatma mərasimi keçirilib. Apasport.az saytının xəbərinə görə, tədbirdə Avropa Boks Federasiyasının prezidenti Umberto Furqoni, Türkiyə Boks Federasiyasının prezidenti Eyyub Gozgəz və digər rəsmi şəxslər iştirak edib. Püşkatma mərasimində Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti Ağacan Abiyev və milli komandanın məşqçiləri də təmsil olunublar.

49 kq-da mübarizə aparan Salman Əlizadə ilk görüşdə ukraynalı Denis Kozarukla üz-üzə gələcək. 52 kq-da Elvin Məmişzadənin rəqibi yerli idmançı Selcuk Eker olacaq. Əgər həmyerlimiz qalib gələrsə, növbəti mərhələdə rusiyalı 3 qat Avropa çempionu Qeorqi Balakşinlə qarşılaşa bilər.

56 kq-da komandamızın ən təcrübəli üzvü Rəhim Nəcəfov bolqarıstanlı təcrübəli idmançı Detelin Dalakliyevlə qarşılaşacaq. Dalakliyev hələ 2003-cü ildə Tailandda keçirilmiş dünya çempionatında bürünc medal qazanıb. Həmin yarışda Ağası Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. 60 və 64 kq-da yarışan Elvin İsayev və Heybətulla Hacəliyev latviyalı boksçularla qarşılaşacaqlar. İsayev Artom Latvasla, Hacəliyev isə Artur Axmetovla üz-üzə gələcək. 69 kq-da Osman Əliyevin rəqibi sloveniyalı Ervin Brulç olacaq.

75 kq Rahib Bəylərov ilkin mərhələdən azaddır. O, növbəti mərhələdə Litva təmsilçisi Vladimir Milevski ilə görüşəcək. Ramil Əliyev (81 kq) ilk döyüşünü rusiyalı Nikita İvanova qarşı keçirəcək. Medal ümüdlərimizdən olan Teymur Məmmədov (91 kq) Avropa çempionatının mükafatçısı macarıstanlı Yozef Darmoşla döyüşəcək. Superağır çəkidə Fərid Paşayevin rəqibi isə sebiyalı Milutin Stankoviç olacaq. Yarışın ilk günündə Salman Əlizadə, Elvin Məmişzadə və Elvin İsayev rinqə çıxacaqlar.

Qeyd edək ki, komandaya dəstək olmaq üçün Olimpiya oyunlarının bürünc mükafatçıları Şahin İmranov və Vüqar Ələkbərov da Ankaraya gəliblər. Bundan başqa şəxsi məşqçilər – Nazim Mirhüseynov, Vidadi Tağıyev, İlham Alimcanov, Hüseyn Bağırov, Elbrus Rzayev də Türkiyə paytaxtına səfər ediblər.