12:12 17-06-2011
news_image
2535
DİGƏR NÖVLƏR

Çingiz Hüseynzadə: Berti Foqts qalmalıdır

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Vilnüsdə Litva Milli Olimpiya Komitəsinin prezidenti Arturas Povilyunasla görüşdən sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

- Litvaya gəlişinizdə məqsəd nədir?
- Azərbaycan və Litva Milli Olimpiya Komitələri birgə əməkdaşlıq haqqında saziş imzalayıblar. Biz buna çox böyük məmnuniyyətlə razılıq verdik. Çünki iki komitə arasında dostluq əlaqələri 15 ilə yaxındır davam edir. Azərbaycan və Litva Milli Olimpiya Komitələri eyni məqsədlə çıxış edir və beynəlxalq tədbirlərdə bir-birinə dəstək olurlar.

- Siz Litva Olimpiya Komitəsi ilə hansı sahələrdə əməkdaşlıq etmək istəyirsiniz?
- Rimas Kurtinaytis 3 il Azərbaycanda işləyib. Ola bilsin, bizim güləş və boks üzrə mütəxəssislərimiz işləmək üçün Litvaya gəlsinlər. Elə növlər var ki, onlar bizdə güclü inkişaf edib, Litvada isə zəif və ya əksinə. Biz bütün imkanlardan istifadə etmək istəyirik. Saziş imzalanandan sonra münasibətlər artıq federasiyalar səviyyəsində qurulacaq. 2 tərəf üçün sərfəli münasibətlər qurulacaq.

- Litvada basketbol güclü inkişaf edib. Azərbaycan bundan faydalana biləcəkmi?
- Əlbəttə. Fikrimiz var ki, yenidən Azərbaycana məşhur mütəxəssis dəvət edək. Sizə deyim ki, Bakıda Basketbol Mərkəzinin yaranması ilə bağlı layihə hazırlanıb. Onun tikintisi başa çatandan sonra səviyyəli məşqçilər dəvət etməyə başlayacağıq və yaxşı olardı ki, onlar Litvadan olsun.

- 2011-ci ilin demək olar yarısı arxada qalıb. Siz bu yarım ili necə qiymətləndirirsiniz?
- Hələlik nəticələrimiz bir o qədər də yaxşı deyil. İş ondadır ki, biz London Olimpiadasına köklənirik. İdmançılarımız məhz bu yarışa hazırlaşırlar və buna görə də beynəlxalq turnirlərdə çıxış etmirlər. Fikrimcə, London-2012 Azərbaycan üçün ən uğurlu Olimpiada olacaq. Bu mötəbər yarışda ölkəmizdən rekord sayda idmançının iştirak etməsini gözləyirik. Londona böyük ümidlər bəsləyirik.

- Konkret necə idmançımızın Olimpiadada iştirak etməsini gözləyirsiniz?
- Minimum 50 lisenziya gözləyirik.

- Dediniz ki, Bakıda Basketbol Mərkəzi tikiləcək. Paytaxtımızda olimpiya stadionunun təməli qoyulub. Bu planlara daha hansı layihələr daxildir?
- Stadionun tikintisi başa çatdıqdan sonra yeni planlarımız var. Məsələn, gimnastika zalı, yeni üzgüçülük kompleksi. Fikrimcə, bütün bunlar başa çatdıqdan sonra Azərbaycanda idman daha sürətlə inkişaf edəcək.

- Siz Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının Astanada Qazaxıstana (1:2), ardından Bakıda Almaniyaya (1:3) uduzmasını necə qarşıladınız?
- Əslində, futbolçularımızın Astanada uduzmasını gözləmirdik. Lakin yığmamızın Almaniyaya qarşı oyunu xoşuma gəldi. Bu gün 17 yaşlılardan ibarət milli komandamız beynəlxalq turnirdə uğurla çıxış edir və mən azarkeşlərimizə demək istəyirəm ki, səbrlə yeni futbolçu nəslinin yetişməsini gözləsinlər. Bizdə yaxşı komanda olacaq.

- Ölkə futbolunda ən aktual mövzulardan biri almaniyalı baş məşqçi Berti Foqtsun milli komandadakı gələcək fəaliyyəti ilə bağlıdır. Sizin bu haqda fikriniz necədir?
- Foqts müqavilənin şərtlərini sonacan yerinə yetirməlidir. Müqavilə müddəti bitəndən sonra AFFA və Foqts öz aralarında bütün lazımı məsələləri həll edəcəklər. İstefanı isə düzgün addım hesab etmirəm.

Rüstəm MİKAYILLI
Vilnüs