12:40 17-06-2011
news_image
1447
DİGƏR NÖVLƏR

“Baku Cup” Azərbaycanda tennisin təbliğatına xidmət edəcək”

“Dünyanın ən gözəl paytaxtlarından sayılan Bakıda mükafat fondu 220 min ABŞ dolları olan Qadın Tennisçilər Assosiasiyasının (WTA) turnirinə ilk dəfə ev sahibliyi edir. Bakıda bu cür nüfuzlu turnirin təşkil olunması, Azərbaycan rəsmilərinin, ilk növbədə isə dövlət başçısı İlham Əliyevin ölkədə həyata keçirdiyi idman siyasətini sübut edir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycanda keçiriləcək “Baku Cup - 2011” beynəlxalq turnirinin direktoru Leyla Mesxi deyib.

O bildirib ki, Qadın Tennisçilər Assosiasiyasının turnirinin ilk dəfə Bakıda keçirilməsi Azərbaycan Tennis Federasiyasının uğurlu siyasətinin təzahürüdür: “Ölkənizdə iqtisadi tərəqqi, geniş miqyaslı tikinti işləri, mədəni və elmi inkişafla yanaşı, idman və Olimpiya Hərəkatına da böyük diqqət yetirilir. “Baku Cup”ı təşkil etmək hüququnun Azərbaycana verilməsi yaxın keçmişdə əldə edilmiş Azərbaycan tennis məktəbinin zəngin ənənələrinə əsaslanan Azərbaycan Tennis Federasiyasının və onun prezidenti Oqtay Əsədovun təqdirəlayiq fəaliyyətinin müsbət təzahürüdür. WTA-nın 2011-ci il üçün təqvimində ümumilikdə 56 turnir nəzərdə tutulub. Bu turnirlərin yarıdan çoxunun (30) mükafat fondu 220000 ABŞ dolları təşkil edir”.

Mesxinin sözlərinə görə, belə bir turnir keçmiş SSRİ ölkələri arasında ilk dəfə Azərbaycanda keçirilir: “Bu il yuxarıda qeyd edilən mükafat fondu çərçivəsində olan turnirlər dünyanın 6 qitəsində yerləşən 25 ölkənin 30 şəhərində təşkil olunacaq və bura zəngin tennis profilli ABŞ, İspaniya, Fransa, Böyük Britaniya, Hollandiya, İsveç, İtaliya, Avstraliya, Avstriya kimi ölkələr və Kopenhagen, Budapeşt, Seul, Boqota, Memfis, Barselona, Mexiko, Kuala Lumpur, Strasburq, Birminhem, Kvebek, Saka, Lüksemburq və s. kimi şəhərlər daxildir. Bu il isə siyahıya Azərbaycanın paytaxtı da əlavə olunub. İlk dəfədir ki, keçmiş SSRİ ölkələrinin Avropa ərazisində bu səviyyədə turnir Bakıda təşkil olunur (Moskva daha yüksək mükafat fondu olan “Kremlin Cup” turnirinə sahiblik edir). Bakı tamaşaçıları və paytaxtın qonaqları bir sıra tennis ulduzlarını seyr etmək imkanı əldə edəcək ki, onların çoxu, həmçinin bir il sonra Londonda Yay Olimpiya Oyunlarında yarışacaqlar”.

Leyla xanımın sözlərinə görə, turnirin təşkilatı işləri yüksək səviyyədə gedir: “Mən əminəm ki, “Baku Cup” Azərbaycanda tennisin gələcəkdə təbliğ edilməsinə xidmət edəcək. Turnirə sahiblik etmək hüququnun əldə edilməsi bir məsələ, onun yüksək səviyyədə təşkil olunması isə başqa məsələdir. Təşkilatçılar, rəhbərlik, hakimlər komandası, xidməti personal - bir sözlə, turnirlə hətta azacıq belə əlaqəsi olan hər kəsin qarşısında daha ciddi məsələ durur. Müxtəlif tennis turnirlərinin təşkilində müəyyən təcrübəyə malik olsam da, mənim “Baku Cup”ın direktoru kimi təyin olunmağım böyük şərəf və məsuliyyətdir. Azərbaycandan olan həmkarlarımla birlikdə turnir iştirakçıları və tennis azarkeşlərinin ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Turnir iştirakçılarına uğurlar diləyir və bütün tennissevərlərə gözəl tennis oyunlarını seyr etməyi arzulayıram”.

Qeyd edək ki, “Baku Cup” iyulun 16-da start götürəcək və iyulun 24-də başa çatacaq.