İyunun 30-da Bakıda start götürəcək taekvondo üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya təsnifat turnirinin proqramı açıqlanıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 4 gün davam edəcək yarışda hər gün 2 çəkinin qalibləri müəyyənləşəcək.
Bu arada Bakıya gələcək ölkələrin sayı da artıb. Belə ki, Dünya Taekvondo Federasiyasına (WTF) üzv olan 197 ölkədən 113-ü artıq bu mötəbər yarışda iştirak edəcəyini təsdiqləyib. Turnirlə əlaqədar Azərbaycana 1000-dən artıq qonaq, o cümlədən 500-dən yuxarı idmançı və 100-dək jurnalist təşrif buyuracaq.
Təsnifat turnirini 60 beynəlxalq hakim idarə edəcək ki, onların 19-u Asiya, 18-i Avropa, 6-sı Afrika ölkələrindən, 5-i Okeaniyadan, 12-si Şimali və Cənubi Amerika qitəsinin müxtəlif dövlətlərindən olacaq. Hakimlər arasında Azərbaycanı beynəlxalq dərəcəli referi Oh Kvanq Ceol təmsil edəcək.
London-2012-yə 24 lisenziya verəcək turnirə yığmalar iyunun 24-dən gəlməyə başlayacaqlar.
Qeyd edək ki, Olimpiya Oyunlarının əsasnaməsinə görə hər bir ölkə yarışda 2 kişi və bir o qədər də qadın idmançı ilə iştirak edə bilər. Azərbaycan taekvondoçularından isə London Olimpiadasına lisenziya uğrunda mübarizəyə Elvin Məmmədov (68 kq), Ramin Əzizov (80 kq), Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) qatılacaq. İdmançılarımız iyunun əvvəlindən milli komandanın digər üzvləri ilə birgə Qusar Olimpiya İdman Kompleksində hazırlıqlarını davam etdirirlər.
Taekvondo üzrə Olimpiya seçmə yarışları dünya təsnifat müsabiqəsindən əlavə qitələr üzrə daha bir turnirdən ibarətdir. London Olimpiadasına Avropa təsnifat yarışları 2012-ci il yanvarın sonunda Kazanda keçiriləcək.
30 iyun
Kişilər
58 kq
Qadınlar
67 kq
18:00. Açılış mərasimi
18:30. Medallar uğrunda döyüşlər
1 iyul
Kişilər
68 kq
Qadınlar
+67 kq
18:00. Medallar uğrunda döyüşlər
2 iyul
Kişilər
80 kq
Qadınlar
49 kq
17:00. Medallar uğrunda döyüşlər
3 iyul
Kişilər
+80 kq
Qadınlar
57 kq
18:00. Medallar uğrunda döyüşlər

10:13