18:00 17-06-2011
news_image
1524
DİGƏR NÖVLƏR

“Azərbaycanda yüksək səviyyəli turnirlərin keçirilməsi üçün hər cür imkanlar var”

“Ölkəmizdə sürətlə inkişaf edən idman növlərindən biri də tennisdir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Tennis Federasiyasının baş katibi İlham Quliyev deyib.

Federasiya rəsmisi “Baku Cup - 2011” beynəlxalq turniri ilə bağlı fikirlərini açıqlayıb. Quliyev yarışın rəsmi saytına bildirib ki, hazırda ölkəmizdə tennis idman növü sürətlə inkişaf edir: “Azərbaycan Tennis Federasiyası idmanın bu sahəsinin inkişafı üçün məqsədyönlü fəaliyyət göstərir. 2009-cu ildə tennissevərlərin istifadəsinə verilmiş Tennis Akademiyası bunu bariz nümunəsidir. Yüksək səviyyəli tennisçilərin hazırlanması, tennis üzrə milli və beynəlxalq turnirlərin təşkili, bu sahədə beynəlxalq əlaqələrimizin inkişafı, gənclərimizin Olimpiya oyunlarında, ATP və WTA turnirlərində iştirakı federasiyanın əsas məqsədlərindəndir. Heç də təsadüfi deyildir ki, Azərbaycan tennisçiləri kişilər arasında keçirilən “Devis Kuboku”, qadınlar arasında keçirilən “Fed Cup” turnirlərində uğurla iştirak edirlər”.
Quliyevin sözlərinə görə, iyulun 16-24-də Bakıda mükafat fondu 220 min ABŞ dolları olan Qadın Tennisçilər Assosiasiyası (WTA) turnirinin təşkili üçün hər cür şərait yaradılıb: “Ölkəmizdə bu gün yüksək səviyyəli turnirlərin keçirilməsi üçün hər cür imkanlar var. Böyük qürur hissi ilə demək olar ki, bu il ölkəmiz regionda ilk dəfə olaraq tennis aləmində qadınlar arasında ən möhtəşəm WTA turnirlər silsiləsinə daxil edilmiş “Baku Cup” turnirinə ev sahibliyi edəcək. Biz turnirdə iştirak edəcək bütün idmançılara qarşıdakı yarışlarda uğurlar arzulayırıq. İnanırıq ki, “Baku Cup” beynəlxalq turniri nəinki ölkəmizdə, o cümlədən dünyada idmanın bu növünün inkişafına və təbliğinə öz layiqli töhfəsini verəcək”.