08:54 20-06-2011
news_image
1304
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli Azərbaycan milli komandasına nəfəs verdi

Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil olunan cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya xalı verən yarışa 9 idmançı ilə qatılan Azərbaycan milli komandasının qazancı 1 bürünc medal olub.

Belə ki, yığmamızın heyətində fəxri kürsüyə yalnız Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) qalxıb. O, ilk görüşündə monqolustanlı Bold-Erden Odsurenlə qarşılaşıb və ipponla qələbə qazanıb. Növbəti rəqib braziliyalı Nasif Elias olub ki, həmyerlimiz yerli idmançıya gücünü göstərməyi bacarıb. Daha sonra Elnur italiyalı Françesko Bryuyeranı da həmyerlimiz Elxan Rəcəblini məğlub etməsinə peşman edib. Nəticədə yarımfinala çıxan Məmmədlini burda yerli publikanın sevimlisi olan Leandro Qulxeyro ilə mübarizə aparıb. Amma təəssüf ki, Elnur da yarışı məhz bu rəqiblə dueldə dayandırmalı olub və üçüncü pilləni tutaraq, öz aktivinə 120 lisenziya xalı yazdırıb.

Məmmədli ilə yanaşı, Elxan Məmmədov (90 kq) və Ramilə Yusubova (63 kq) da medal qazanmağa yaxın olublar. Lakin onlar 1/4 final səddini aşa bilməyiblər və 5-ci pillədə yer alıblar. Nəticədə Məmmədov və Yusubova da 60 lisenziya xalına sahib olublar.

Qeyd edək ki, 56 ölkənin qatıldığı “Böyük dəbilqə”də yığmamız komanda hesabında 16-cı yeri tutub.