23:00 20-06-2011
news_image
1350
DÖYÜŞ NÖVLƏRİ

Həmvətənlərimiz Türkiyədə protest verdilər

Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında 64 kq çəki dərəcəsində mübarizə aparan Heybətulla Hacəliyev ¼ finala vəsiqə qazanıb. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz Çexiya nümayəndəsi Zdenek Çladeki məğlub edib.

Boksçumuz hər 3 raundda rəqibindən üstün təsir bağışlayıb. İlk raundda 7 xallıq üstünlük əldə edən (9:2) milli komandamızın üzvü ikinci raunddan sonra 16:6 hesabı ilə önə keçib. Döyüş başa çatdıqda Hacəliyevin 20:11 hesablı qələbəsi qeydə alınıb.

İdmançımız ¼ finalda İsveçi təmsil edən Türk əsilli boksçu Entoni Yigitlə qarşılaşacaq. 60 kq çəki dərəcəsindəki təmsilçimiz Elvin İsayev isə 14 finala vəsiqə uğrunda döyüşdə türkiyəli Fatih Keleşlə üz-üzə gəlib. İlk raundda rəqibini 2 xal fərqlə üstələyən həmyerlimiz 2-ci hissədə hakimdən 1 xəbərdarlıq alıb. Nəticədə, ikinci raund bərabərliklə yekunlaşıb. 3-cü raundda da hakimlər yerli idmançının qələbə qazanması üçün əllərindən gələni ediblər. Fatih Keleş dəfələrlə mübarizədən yayınsa da, hakim ona xəbərdarlıq etməyib. Zərbələrin sayına görə də İsayev həlledici hissədə rəqibini üstələyib. Ancaq son nəticədə qələbə türkiyəli boksçuya verilib – 24:23.

Bu döyüş Azərbaycan nümayəndə heyyətinin kəskin etirazına səbəb olub. Qeyri-obyektiv hakimliyə görə, federasiya rəsmiləri Hakimlər Kollegiyasına protest veriblər. 75 kq çəki dərəcəsindəki təmsilçimiz Rahib Bəylərov da 14 finala vəsiqə qazanıb. Həmyerlimiz Litva təmsilçisi Vladimir Milevskini 22:14 hesabı ilə üstələyib. Boksçumuz yarımfinala vəsiqə uğrunda Türkiyə nümayəndəsi Adem Kılıccı ilə qarşılaşacaq. Axşam saatlarında 91+kq çəki dərəcəsində döyüşən Fərid Paşayev rinqə çıxacaq. Onun rəqibi serbiyalı Milutin Stankoviç olacaq.