12:07 21-06-2011
news_image
1489
DÖYÜŞ NÖVLƏRİ

“Belə ədalətsizliklə üzləşəcəyimi gözləmirdim” - FOTO

“Mən türkiyəli idmançıya uduzmadım. Sadəcə, hakimlər qeyri-obyektiv qərar qəbul etdilər”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının boksçusu Elvin İsayev (60 kq) deyib.
Türkiyədə keçirilən Avropa çempionatının 1/8 final mərhələsində yerli idmançı Fatih Keleşə hakim səhvləri səbəbindən uduzan həmyerlimiz Azərbaycan Boks Federasiyasının rəsmi saytına verdiyi açıqlamada da özünü məğlub saymadığını bildirib: “İkinci raundda heç nədən mənə xəbərdarlıq olundu. 3-cü raundda isə rəqib boks adına heç nə göstərmədi. Əlləri ilə məni tutur, döyüşdən imtina edir, qaydanı pozurdu. Amma hakimlər ona xəbərdarlıq etmədilər. 2-ci hissədən sonra hesab bərabər idi. 3-cü raund isə mənim üstünlüyümlə keçdi. Amma axırda qələbəni yerli idmançıya verdilər. Belə ədalətsizliklə üzləşəcəyimi gözləmirdim”.

Boksçumuz bundan sonra artıq dünya çempionatını düşünəcəyini deyib: “Sentyabrda Bakıda dünya çempionatı olacaq. Əsas məqsədim orada uğurla çıxış edərək, Olimpiya oyunlarına vəsiqə qazanmaqdır”.
İsayev türkiyəli Fatih Keleşlə döyüşdən sonra həmçinin, TRT-3 kanalına müsahibə verib. Həmyerlimiz rəqibə uduzmağında hakimlərin qərəzli qərarları ilə üzləşməsinin əsas səbəb olduğunu bildirib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Elvinin döyüşü ilə bağlı protest versələr də, nəticə dəyişdirilməyib.