09:00 22-06-2011
news_image

3 boksçumuz Avropa çempionatının medalını təmin edib

Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında milli komandamızın 3 üzvü yarımfinala vəsiqə qazanıb. Apasport.az saytının məlumatına görə, boksçularımızdan Salman Əlizadənin ardından Heybətulla Hacəliyev və Teymur Məmmədov yarımfinala vəsiqəni təmin edib.

Belə ki, 64 kq-da mübarizə aparan Hacəliyev 1/4 finalda İsveç idmançısı Entoni Yigiti üstələyib - 18:14. Həmyerlimiz finala gedən yolda irlandiyalı Raymond Moylette ilə üz-üzə gələcək. 91 kq çəki dərəcəsində döyüşən Məmmədov Rusiyanı təmsil edən Abdulhəmid Nurməhəmmədovu 23:21 hesabı ilə məğlub edib.
Yığmamızın üzvü rəqibindən çəkidə təxminən 7-8 kq yüngül olub. Belə ki, Teymurun yarış günü səhər çəkisi cəmi 83 kq olub. Məmmədov yarımfinalda Johann Vitlə üz-üzə gələcək.
1/4 finalda yalnız Rahib Bəylərovun bəxti gətirməyib. O, Türkiyə boksçusu Adəm Kılıccıya uduzub. Beləliklə, 3 boksçumuz ən azı bürünc medalı özlərinə təmin ediblər.

Qeyd edək ki, artıq bir neçə gündür Ankarada olan Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov 1/4 final mərhələsinin görüşlərini izləyib.