17:27 22-06-2011
news_image
1116
DÖYÜŞ NÖVLƏRİ

Səfir milli komandamızın üzvlərinə söz verdi

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov Ankarada keçirilən Avropa çempionatında mübarizə aparan boksçularımızı qəbul edib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, səfir 3 boksçumuzun yarımfinala vəsiqə qazanması münasibətilə idmançıları təbrik edərək, onlara uğurlar arzulayıb.

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Ağacan Abiyev səfirə qitə çempionatı haqqında məlumat verib. O, artıq 3 medalın təmin edildiyini deyərək, Ankara İdman Sarayında himnimizin səsləndirilməsinin də vacib olduğunu bildirib: “1/4 final mərhələsinin görüşləri çox gərgin keçdi. 91 kq çəki dərəcəsində mübarizə aparan Teymur Məmmədovun Rusiya boksçusu üzərində qələbəsini xüsusilə fərqləndirərdim. Teymur döyüşə çıxarkən cəmi 83 kq idi. Ancaq o görüşü düzgün quraraq, qələbə qazana bildi. Elvin İsayev 1/8 finalda Türkiyə boksçusu Fatih Keleşə uduzmamışdı. Həmin döyüşdə əslində İsayev rəqibini 2 xal fərqlə üstələmişdi. Amma sonda 24:23 hesabı ilə qələbəni rəqibə verdilər”.

Abiyev sonuncu dəfə Avropa çempionatında qızıl medalın 1993-cü ildə qazanılmasını xatırladaraq, həmin yarışın da Türkiyədə keçirildiyini deyib: “1993-cü ildə Bursada Rövşən Hüseynov fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. İnanıram ki, qardaş ölkə bizə yenə düşərli olacaq”.

ABF-nin vitse-prezidenti üzərində mərhum prezident Heydər Əliyevin rəsmi olan xüsusi medalı səfirə təqdim edib. Faiq Bağırov yarımfinal görüşlərinə də gələcəyinə söz verərək, boksçularımıza dəstək olacağını bildirib.